Seneqal prezidenti Bassiru Diomaye Fayenin DÇ-2026-da mübarizə aparan milli komandaya göndərdiyi mesaj ölkədə və futbol ictimaiyyətində geniş müzakirə doğurub.
İdman.Biz xəbər verir ki, dövlət başçısı futbolçulara birlik, inam və intizam çağırışı edib. Onun mesajında komandanın təkcə meydandakı çıxışına yox, həm də mənəvi dəyərlərinə diqqət yetirməli olduğu vurğulanıb.
Fayenin oyunçulara namazlarını vaxtında qılmağı, Quran oxumağı axsatmamağı tövsiyə etdiyi bildirilir. Mesajın ən çox diqqət çəkən hissəsi isə Sadio Mane ilə bağlı olub. Prezidentin Seneqal millisinin ulduz futbolçusunu komandanın camaat namazlarında imam kimi görmək istədiyi, onun tilavət səsinin çox gözəl olduğu vurğulanıb.
Prezidentin futbolçulara təvazökarlıq çağırışı etdiyi də vurğulanıb. Onun “Allah qatında ən üstün olanınız ən təqvalı olanınızdır” sözləri ilə komandaya birlik və qardaşlıq mesajı verdiyi qeyd edilib.
Qeyd edək ki, Sadio Mane həm Seneqal millisindəki liderliyi, həm də ölkəsində xeyriyyəçilik fəaliyyəti ilə tanınır. Ulduz futbolçu uzun illərdir vətənində sosial layihələrə dəstək verir və nümunəvi idmançılardan biri kimi göstərilir.
