Mbappe İraqla oyunda “təmizlik nəzarətçisi” oldu - VİDEO

23 İyun 2026 10:32
88
Mbappe İraqla oyunda “təmizlik nəzarətçisi” oldu - VİDEO

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-da İraqla oyunda həm qolları, həm də fasilə zamanı etdiyi hərəkətlə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, I qrupunun ikinci turunda keçirilən Fransa - İraq matçında güclü yağış səbəbindən fasilə 130 dəqiqə davam edib.

Filadelfiyadakı “Linkoln Finansial Fild” stadionunda meydançanın bəzi hissələrində su yığılıb. Stadion əməkdaşları örtüyü oyun üçün hazır vəziyyətə gətirməyə çalışarkən Mbappe də prosesə qoşulub. O, meydançada gəzişərək su yığılan hissələri göstərib və təmizlik işçilərinə haranı qurutmalı olduqlarını işarə edib.

Bu görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub. Azarkeşlər fransalı hücumçunun hərəkətini zarafatla qarşılayıblar. Bəziləri onu “tarixin ən bahalı meydança işçisi” adlandırıb.

Mbappe isə oyundan sonra bildirib ki, narazılığı stadion əməkdaşlarına yönəlməyib. Onun sözlərinə görə, meydançanın Fransa millisinin hücum etdiyi hissəsində daha çox su var idi və bu, oyuna təsir edə bilərdi.

Qeyd edək ki, Fransa millisi İraqı 3:0 hesabı ilə məğlub edib. Mbappe görüşdə iki qol vurub, daha bir qolu isə Usman Dembele əlavə edib.

İdman.Biz