Argentina futbol millisinin kapitanı Lionel Messinin Avstriya ilə oyunda vurduğu ikinci qola ailəsinin reaksiyası gündəm olub.
İdman.Biz xəbər verir ki, bununla bağlı görüntü “X” sosial şəbəkəsində paylaşılıb. Videoda Messinin ailə üzvlərinin ulduz futbolçunun qolundan sonra böyük sevinc yaşadığı görünür.
Azarkeşlər Messinin ailəsinin reaksiyasını argentinalı futbolçunun meydandakı təsirinin və ona olan sevginin daha bir nümunəsi kimi qiymətləndiriblər.
Bu arada isə Leo yaş amilinin onun oyununa təsiri barədə danışıb.
39 yaşına yaxınlaşan ulduz hücumçu meydanda neçə yaşında olduğunu düşünmədiyini bildirib.
“Səmimi deyirəm, neçə yaşım olduğunu düşünərək oynamıram. Daha çox fiziki cəhətdən özümü necə hiss etdiyimə baxıram”, - deyə Messi söyləyib.
O, yaşından asılı olmayaraq komandası üçün əlindən gələni etməyə çalışdığını vurğulayıb:
“Bundan sonra sadəcə maksimumumu verməyə, yaşımın neçə olmasından asılı olmayaraq, əlimdə olan hər şeyi ortaya qoymağa çalışıram. Həqiqət budur ki, fiziki cəhətdən özümü yaxşı hiss edirəm”.
