ABŞ-də Türkiyəyə azərbaycanlı dəstəyi - sabiq şahmatçının İDMAN.BİZ-ə EKSKLÜZİV AÇIQLAMASI - FOTO

18 İyun 2026 16:08
111
ABŞ-də Türkiyəyə azərbaycanlı dəstəyi - sabiq şahmatçının İDMAN.BİZ-ə EKSKLÜZİV AÇIQLAMASI - FOTO

DÇ-2026-nın qrup mərhələsinin II turunda Türkiyə və Paraqvay yığmaları arasında keçiriləcək oyunda qardaş ölkənin komandasına təxminən 500 azərbaycanlı azarkeş dəstək verəcək.

İyunun 19-dan 20-nə keçən gecə San-Fransiskoda baş tutacaq qarşılaşma ilə bağlı bu məlumatı İdman.Biz-ə eksklüziv açıqlamasında həmin şəhərdə yaşayan sabiq azərbaycanlı şahmatçı Faiq Ələsgərov verib.

“Türkiyə millisinin qarşıdakı oyunda yaxşı azarkeş dəstəyi olacaq. Təxminən beş yüz həmvətənimiz qardaş ölkənin komandasını dəstəkləməyi planlaşdırır. İnsanlar hətta ABŞ-nin şərq sahillərindən də gəlirlər. Həmçinin bilirəm ki, Pensilvaniyadan Şəki məhəlləsinin bütün üzvləri oyuna gəlməyi düşünürlər”, - deyə F. Ələsgərov bildirib.

Qeyd edək ki, Şəki məhəlləsi ABŞ-nin Pensilvaniya ştatında yaşayan şəkili mühacirlərin qeyri-rəsmi icmasıdır. Belə rəsmi ad mövcud olmasa da, Azərbaycan diasporu arasında bu məkan şəkililərin kompakt şəkildə yaşadığı ərazi kimi tanınır. İcmanın tarixi 2000-ci ildə Nyu-Yorkda başlayıb və daha sonra Pensilvaniyada davam edib. Bununla belə, açıq mənbələrdə icmanın dəqiq üzv sayı ilə bağlı məlumat yoxdur.

Mundiala qayıdaraq qeyd edək ki, San-Fransiskoda bilet və otel qiymətləri, məsələn, Nyu-Yorkla müqayisədə xeyli aşağıdır. Xatırladaq ki, daha əvvəl İdman.Bizaçıqlamasında Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin üzvü, bakılı Mark Koqanov DÇ-2026 oyunlarını izləməklə bağlı yüksək xərclərdən şikayətlənmişdi.

"ABŞ ərazisində San-Fransiskonu bilet və otel qiymətlərinə görə ən əlçatan şəhərlərdən biri hesab etmək olar. Məsələn, bu yaxınlarda dostum üçün yerli otellərdən birində otaq bron etmişdim və deyə bilərəm ki, burada qiymətlər mundial oyunlarına ev sahibliyi edən digər ştatlarla müqayisədə təxminən beş dəfə aşağıdır", – deyə Ələsgərov vurğulayıb.

Şəhərdəki ab-havaya gəlincə, Nyu-Yorkda olduğu kimi, San-Fransiskoda da dünya çempionatı oyunları ilə bağlı böyük canlanma hiss olunmur.

"Burada Avropadakı iri futbol tədbirlərində müşahidə olunan atmosfer yoxdur. Mən özüm Londonun "Arsenal" klubunun rəsmi azarkeş klubunun üzvüyəm və çoxlu futbol oyunlarında, o cümlədən əvvəlki dünya çempionatlarında iştirak etmişəm. Şəhərdə böyük fan-zonalar və ya bannerlər görmürəm. Ola bilsin ki, məhz oyun ərəfəsində Türkiyə azarkeşlərinin iştirakı ilə müəyyən aktivlik müşahidə olunsun", – deyə Ələsgərov əlavə edib.

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-dakı ilk oyununu Vankuverdə keçirib və gözlənilmədən Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. Pley-off mərhələsinə yüksəlmək şanslarını qorumaq üçün Vinçenso Montella rəhbərlik etdiyi komanda Paraqvay üzərində qələbə qazanmalıdır.

İdman.Biz