“Zirə” və “Neftçi”nin Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib - YENİLƏNİB

17 İyun 2026 16:45
876
“Zirə” və “Neftçi”nin Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib - YENİLƏNİB

“Zirə” və “Neftçi” futbol komandalarının UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.

İdman.Biz xəbər verir ki, "Zirə" birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu keçəcəyi təqdirdə, “Heqelman” (Litva) - “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Neftçi” isə bu raundda “Dinamo” (Minsk, Belarus) - “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Zirə" ilk matçını səfərdə, "Neftçi" isə Bakıda keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

11:12

UEFA Konfrans Liqasında “Neftçi”nin və “Zirə”nin potensial rəqbilərinin sayı azalıb.

İdman.Biz xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən qoşulacaq “Neftçi”nin potensial rəqibləri “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa), “Apollon” (Kipr) klublarından, həmçinin ilk təsnifat mərhələsində üz-üzə gələcək “Dinamo” (Albaniya) - “Astana” (Qazaxıstan), “Dinamo” (Belarus) - “Sileks” (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri olacaq.

İlk təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılşacaq “Zirə”nin potensial rəqibləri isə AEK (Kipr), “ÇFR Kluj” (Rumıniya), “Spartak” (Slovakiya) klublarından biri və ya “Hegelman” (Litva) - “Payde” (Estoniya) cütünün qalibi olacaq.

Qeyd edək ki, potensial rəqiblərin sayının azalmasının səbəbi UEFA-nın püşkatma mərasimindən əvvəl reqlamentə əsasən komandaları alt qruplara ayırmasıdır.

Xatırladaq ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

09:20

Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdman.Biz xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.

Püşkatmada “Neftçi”nin də rəqibi bilinəcək.

Həmçinin birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə oynayacaq “Zirə” də növbəti potensial rəqibini tanıyacaq. Bununla yanaşı, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində baş tutacaq “Qarabağ” - “Vestri” duelinin məğlubunun hansı komanda ilə qarşılaşacağı bilinəcək.

İkinci təsnifat mərhələsinin səpələnmişlər səbətində “Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka), “Gent” (Belçika), “Rapid” (Avstriya), “Panatinaikos” (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan), FKSB (Rumıniya), “Rakuv” (Polşa), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), “Başakşəhər” (Türkiyə), “Riyeka” (Xorvatiya), “ÇFR Kluj” (Rumıniya), HİK (Finlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Slovakiya), “Hradets-Kralove” (Çexiya), “Avstriya” (Avstriya), “Katovitse” (Polşa), “Vaduts” (Lixtenşteyn), “Norşellann” (Norveç), “Tobol” (Qazaxıstan), “Apollon” (Kipr), “Hibernian” (Şotlandiya), “Torshavn” (Farer adaları) və “Syon” (İsveçrə) klubları yer alıblar.

Daha 13 komanda ilk raundun nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

İdman.Biz