Şotlandiya millisinin azarkeşləri DÇ-2026-da yeni rekorda imza ata bilərlər.
İdman.Biz xəbər verir ki, C qrupunun ilk turunda keçirilən Haiti - Şotlandiya matçından əvvəl tribunada səs səviyyəsi 125 desibel olaraq ölçülüb.
Bu göstərici Şotlandiyanın qeyri-rəsmi himni hesab edilən “Flower of Scotland” mahnısının azarkeşlər tərəfindən ifası zamanı qeydə alınıb.
Məlumat təsdiqlənərsə, bu, dünya çempionatları tarixində futbol matçı zamanı ölçülən ən yüksək səs səviyyəsi olacaq.
Britaniya mətbuatının yazdığına görə, mundiallarda əvvəlki ən yüksək göstərici 116 desibel təşkil edib. Yeni nəticə əvvəlki rekorddan doqquz desibel çoxdur.
125 desibel səviyyəsində səs rok konserti, təcili yardım sirenası və ya pnevmatik çəkicin yaratdığı səs-küylə müqayisə olunur.
Hələlik FIFA rekordla bağlı rəsmi açıqlama yaymayıb. Buna görə göstəricinin dünya rekordu kimi tanınması üçün ölçmənin detalları və istifadə olunan avadanlıq təsdiqlənməlidir.
Qeyd edək ki, Şotlandiya Haiti yığmasını 1:0 hesabı ilə məğlub edib. Görüşün yeganə qolunu 28-ci dəqiqədə Con Makginn vurub. Bu, şotlandların dünya çempionatlarında 36 ildən sonra qazandığı ilk qələbə olub.
Daha əvvəl şotlandların restoran və barlara axını zamanı Boston şəhərini pivəsiz qoyması barədə xəbər yayılmışdı.
