İspaniyanı məyus edən qapıçının arzusu gerçəkləşir

18 İyun 2026 16:24
107
İspaniyanı məyus edən qapıçının arzusu gerçəkləşir

Kabo-Verde millisinin qapıçısı Vozinyanın anası Ana Kandida Evora oğlunun DÇ-2026-dakı növbəti oyununu tribunadan izləyə biləcək.

İdman.Biz xəbər verir ki, ABŞ rəsmilərinin müdaxiləsindən sonra onun viza məsələsi həll olunub. Ana Kandida Evoranın Kabo-Verdenin Uruqvayla keçirəcəyi qarşılaşmaya çatması üçün səfər hazırlıqları görülür.

Məsələyə ABŞ Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris müdaxilə edib. O, dövlət katibi Marko Rubio ilə əlaqə saxlayaraq Dövlət Departamentindən viza prosesinin sürətləndirilməsini istəyib. Bildirilir ki, müraciətlə bağlı bütün rüsumlar ləğv olunub və ABŞ-nin Prayadakı səfirliyi lazımi xidmətləri qısa müddətdə göstərib.

Vozinya İspaniya ilə qolsuz heç-heçədən sonra anasının viza və səfər xərcləri ilə bağlı çətinliklər səbəbindən mundiala gələ bilmədiyini açıqlamışdı. 40 yaşlı qapıçı matçdan sonra emosiyalarını saxlaya bilməmişdi.

Təcrübəli qolkiper İspaniya ilə qarşılaşmada yeddi qurtarış edərək komandasının tarixi xal qazanmasında əsas rol oynayıb və matçın ən yaxşı futbolçusu seçilib.

Kabo-Verde qrup mərhələsinin ikinci turunda Uruqvayla qarşılaşacaq. Ana Kandida Evoranın həmin görüşdə oğluna tribunadan dəstək verəcəyi gözlənilir.

İdman.Biz