2026-cı il futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İdman.Biz xəbər verir ki, turnirin səkkizinci oyun günü A və B qruplarının matçlarına həsr olunacaq. A qrupunda artıq iki lider müəyyənləşib – Meksika və Cənubi Koreya, Çexiya ilə CAR isə məğlubiyyətlərdən sonra çətin vəziyyətə düşüblər. B qrupunda isə vəziyyət daha qarışıqdır: bütün komandalar ilk turu heç-heçə ilə başa vurub və hərəsinin aktivində bir xal var.
Çexiya - CAR (18 iyun, 20:00)
Hər iki komanda üçün bu görüş prinsipial əhəmiyyət daşıyır. Çexiya ilk turda Cənubi Koreyaya 1:2 hesabı ilə uduzub, CAR isə Meksikaya 0:2 hesabı ilə məğlub olub. Beləliklə, hər iki yığma xalsız qalaraq A qrupunun son pillələrində qərarlaşıb.
Bu cütün favoriti Çexiya hesab olunur. Miroslav Koubekin komandası daha balanslı təsir bağışlayır və hücum potensialından daha fəal istifadə etməlidir. Bununla yanaşı, çexlər CAR-dan Meksika ilə oyundakından fərqli futbol gözləyirlər. Cənubi Afrika Respublikası yığması ciddi itkilərlə meydana çıxacaq. İlk oyunda qırmızı vərəqə alan Şpefelo Sitole və Temba Zvane diskvalifikasiya olunublar. Üstəlik, Zvane üç oyunluq cəza alıb.
İsveçrə – Bosniya və Herseqovina (18 iyun, 23:00)
B qrupunda ilk turdan sonra tam bərabərlik hökm sürür. İsveçrə, Bosniya və Herseqovina, Kanada və Qətərin hərəsinin hesabında bir xal var. İsveçrəlilər turnirə Qətərlə 1:1 hesablı heç-heçə ilə başlayıblar. Bosniya və Herseqovina da Kanada ilə eyni hesablı heç-heçə edib.
İsveçrə görüşün favoriti sayılır. Lakin ilk matç göstərdi ki, Murat Yakının komandasına qol vəziyyətlərini reallaşdırmaq və oyunu sakit şəkildə qələbəyə çatdırmaq bacarığı çatışmır. Bosniya və Herseqovina isə yenidən nizam-intizamlı və sərt futbol nümayiş etdirməyə çalışacaq. Sergey Barbarezin komandası heç-heçə ilə kifayətlənmək niyyətində deyil. Hücum xəttində isə Edin Cekonun təcrübəsi mühüm amil olaraq qalır.
Kanada – Qətər (19 iyun, 02:00)
Kanada ikinci tura Vankuverdə öz azarkeşləri önündə başlayacaq. İlk görüşdə mundialın ev sahiblərindən biri olan komanda Bosniya və Herseqovina ilə oyunda məğlubiyyətdən xilas olaraq 1:1 hesablı heç-heçəyə nail olub. Qətər də İsveçrə ilə eyni hesabla bərabərə qalaraq bir xal qazanıb. Buna görə də bu qarşılaşmanın qalibi B qrupunda mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Favorit Kanada hesab olunur. Cessi Marşın komandası doğma meydan amilindən yararlanacaq. Bundan əlavə, komanda üçün mühüm güclənmə də var – Alfonso Devis fiziki durumu ilə bağlı suallara baxmayaraq, oyuna hazırdır. Xulen Lopeteginin rəhbərlik etdiyi Qətər yığması qarşılaşmaya sakit yanaşsa da, ardıcıl ikinci müsbət nəticənin pley-off şanslarını ciddi şəkildə artıracağını anlayır.
Meksika – Cənubi Koreya (19 iyun, 05:00)
Günün mərkəzi qarşılaşması A qrupunda keçiriləcək. Meksika ilk turda CAR-ı 2:0 hesabı ilə məğlub edib, Cənubi Koreya isə Çexiya üzərində 2:1 hesablı qələbə qazanıb. Hər iki komandanın aktivində üç xal olduğundan, onların üz-üzə görüşü qrup birinciliyinin əsas favoritini müəyyənləşdirə bilər.
Aydındır ki, qələbə şansı daha çox Meksikaya verilir. Komanda Qvadalaxarada tribunaların güclü dəstəyi qarşısında çıxış edəcək. Lakin Xavyer Aqirre rəhbərlik etdiyi kollektiv ehtiyatlı davranmalıdır. Koreyalılar müdafiədən hücuma sürətli keçidlərlə təhlükə yaratmağı bacarırlar. Meydan sahiblərinin heyətlə bağlı problemi də var – komandanın kapitanı Sezar Montes diskvalifikasiya səbəbindən oyunu buraxacaq.
Cənubi Koreya millisinin düşərgəsində isə matç ərəfəsində məşq bazası yaxınlığında qeydiyyatdan keçməmiş dronla bağlı insident yaşanıb. Bununla belə, məşqçilər korpusu komandanın hazırlıq prosesinin pozulmadığını və hər şeyin plana uyğun getdiyini bildirib.
