İlk turdan sonra Fransa zirvəyə yüksəlib - FOTO

18 İyun 2026 17:45
108
İlk turdan sonra Fransa zirvəyə yüksəlib - FOTO

Fransa millisi DÇ-2026-nın qrup mərhələsinin birinci turundan sonra turnirin əsas favoriti olub.

İdman.Biz xəbər verir ki, “Opta” superkompüterinin yenilənmiş hesablamalarına əsasən, Fransa yığmasının dünya çempionu olmaq ehtimalı 15,73 faiz təşkil edir.

Didye Deşamın komandası I qrupunun ilk oyununda Seneqala 3:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra fransalılar favoritlər siyahısında ilk pilləyə yüksəliblər.

İkinci yerdə İngiltərə qərarlaşıb. Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Tomas Tuxelin komandasının çempionluq şansı 12,33 faiz qiymətləndirilir.

Son dünya çempionu Argentina isə 12,28 faiz göstərici ilə üçüncü sıradadır. Lionel Messinin het-trik etdiyi görüşdə argentinalılar Əlcəzair üzərində 3:0 hesablı qələbə qazanıblar.

Turnir başlamazdan əvvəl “Opta”nın əsas favoriti İspaniya idi. Superkompüter Luis de la Fuentenin komandasına 16,1 faiz çempionluq ehtimalı verirdi.

Lakin İspaniya ilk turda mundialın debütantı Kabo-Verde ilə qolsuz heç-heçə etdikdən sonra liderliyini itirib.

Turniröncəsi hesablamalarda Fransanın çempionluq şansı 13 faiz, İngiltərənin 11,2 faiz, Argentinanın isə 10,4 faiz göstərilirdi. Hər üç komandanın inamlı qələbəsi onların göstəricilərinin yüksəlməsinə səbəb olub.

İdman.Biz