Konqo Demokratik Respublikası futbol millisinin yarımmüdafiəçisi Nqalayel Mukau Kriştianu Ronaldunun DÇ-2026-dakı çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, futbolçu Portuqaliya ilə 1:1 hesablı heç-heçədən sonra 41 yaşlı hücumçudan daha çox şey gözlədiyini bildirib
“Onun artıq əvvəlki futbolçu olmadığını bilirik. Buna görə daha az qaçacağını anlayırdıq. Bəlkə də ondan bir qədər daha yaxşı oyun gözləyirdim, amma bu, normaldır - yaşı artıb. Bununla belə, ona qarşı oynamaq mənim üçün şərəfdir”, - deyə Mukau söyləyib.
Kriştianu Ronaldu K qrupunun ilk tur matçında 90 dəqiqə meydanda qalsa da, qol və ya məhsuldar ötürmə ilə fərqlənməyib.
Portuqaliya millisinin kapitanı qarşılaşma ərzində cəmi 25 dəfə topa toxunub. Bu, Ronaldunun bütün oyunu keçirdiyi dünya və Avropa çempionatı matçları arasında ən aşağı göstəricidir.
Hücumçu eyni zamanda Portuqaliyanın meydanda 45 dəqiqədən çox qalan futbolçuları arasında topa ən az toxunan oyunçu olub.
Portuqaliya Joao Neveşin erkən qolu ilə hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Yoane Vissa ilk hissənin sonlarında bərabərlik qolunu vuraraq Konqo Demokratik Respublikasına dünya çempionatları tarixində ilk xalı qazandırıb.
Portuqaliya millisi qrup mərhələsinin ikinci turunda 23 iyunda Özbəkistanla qarşılaşacaq.
