İran millisinin baş məşqçisi Amir Qalenoi DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçədən sonra komandasının üzləşdiyi problemlərdən danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən komandanın ciddi logistika çətinlikləri yaşadığını bildirib.
“Hər şey fəlakətdir. Planlarımız pozuldu. Oyundan iki gecə əvvəl Los-Ancelesə gəlməli idik, amma buna icazə verilmədi. Qarşılaşmadan sonra burada qalmağı, bərpa olunmağı və sabah yola düşməyi planlaşdırırdıq, buna da icazə vermədilər. Demək istəyirəm ki, İran millisi bəlkə də beynəlxalq turnirlər tarixinin ən sıxışdırılan komandasıdır. Federasiya prezidenti gələ bilmədi, ona viza vermədilər. Komandanın meneceri gəlmədi. Mətbuat katibi gəlmədi. Ehtiyat oyunçular skamyasında matça hazırlıq işlərini məşqçi heyəti görürdü, mən isə başqalarının vəzifələrini yerinə yetirməli olurdum", – deyə Qalenoi bildirib.
İran yığması məcburiyyət qarşısında Tixuanada məskunlaşıb və ABŞ-dəki oyunlara birbaşa matç günü yollanır. Yeni Zelandiya ilə görüşdən sonra komanda dərhal yenidən Meksikaya qayıdıb.
Qeyd edək ki, İran millisi növbəti matçını iyunun 21-də Belçika yığmasına qarşı keçirəcək.
