Almaniya millisinin müdafiəçisi Nataniel Braun DÇ-2026-nın E qrupunun birinci turunda Kurasao üzərində qazanılan 7:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, dünya çempionatlarında debüt edən 22 yaşlı futbolçu qarşılaşmada komandasının qollarından birini vurub.
“Dünya çempionatındakı ilk oyunumda qol vurmağımı sözlə ifadə etmək çətindir. Yeddi qol vurduğumuz üçün çox sevinirik. Buraxdığımız qola ehtiyac yox idi, amma bəlkə də həmin qol bizi oyatdı”, - deyə Braun FIFA-nın rəsmi saytına açıqlamasında bildirib.
Müdafiəçi komandasının hesab bərabərləşdikdən sonra yüksək səviyyəli oyununu davam etdirməsindən qürur duyduğunu vurğulayıb:
“Komandanın yüksək səviyyədə oynamağa davam etməsi ilə fəxr edirəm. Qollar bizim üçün yaxşıdır, amma zəif cəhətlərimiz üzərində işləməyi də davam etdirməliyik”.
Qeyd edək ki, Almaniya üç xalla E qrupunun lideridir. Bundestim ikinci turda 20 iyunda Kot-d'İvuar, üçüncü turda isə 25 iyunda Ekvador millisi ilə qarşılaşacaq.
