Messi - Ronaldu, Mbappe - Holand, həmçinin DÇ-2026-da yeni nəslin savaşı - İDMAN.BİZ-in İCMALI

11 İyun 2026 18:09
95
Messi - Ronaldu, Mbappe - Holand, həmçinin DÇ-2026-da yeni nəslin savaşı - İDMAN.BİZ-in İCMALI

2026-cı il dünya çempionatı futbol tarixinin ən irimiqyaslı mundialı olacaq: 48 komanda, 104 oyun, üç ev sahibi ölkə və təxminən altı həftə davam edəcək böyük futbol bayramı. Lakin rəqəmlərin və yeni formatın arxasında daha maraqlı məqamlar dayanır – şəxsi duelər, tarixi süjetlər və nəsillərin qarşıdurması.

İdman.Biz FIFA və "Reuters"ə istinadən xəbər verir ki, turnirin əsas mövzularından biri Lionel Messi ilə Kriştianu Ronaldunun mümkün qarşılaşması olacaq. XXI əsr futbolunun iki ən böyük siması dünya çempionatına xüsusi statusla gəlir. Hər iki futbolçu mundialda altıncı dəfə iştirak edəcək ki, bu da özlüyündə tarixi nailiyyətdir.

Ronaldu üçün bu dünya çempionatı Portuqaliya ilə qazana bilmədiyi yeganə böyük trofey uğrunda son şans kimi qiymətləndirilir. Portuqaliyalı ulduz daha əvvəl DÇ-2026-nın karyerasındakı son dünya çempionatı olacağını açıqlayıb. Messi ilə bağlı isə ifadələr daha ehtiyatlıdır. Lakin Argentinada demək olar ki, hamı əmindir ki, hazırkı dünya çempionlarının kapitanı üçün də bu, son mundial olacaq.

Əsas sual budur: Argentina və Portuqaliya DÇ-2026-da qarşılaşa bilərmi? Cavab bəlidir, amma yalnız pley-off mərhələsində.

Argentina J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq. Portuqaliya isə K qrupunda Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq. Hər iki komanda qrupunu lider başa vurub 1/16 və 1/8 final mərhələlərini keçərsə, Messi və Ronaldu artıq iyulun 11-də Kansas Sitidə keçiriləcək 1/4 finalda üz-üzə gələ bilərlər.

Başqa bir ssenari də mümkündür. Əgər həm Argentina, həm də Portuqaliya qruplarında ikinci yeri tutsa, onların qarşılaşması daha erkən – iyulun 6-da Dallasda keçiriləcək 1/8 final mərhələsində baş tuta bilər. Komandalardan biri qrup qalibi, digəri ikinci olarsa, onlar turnir cədvəlinin fərqli hissələrinə düşəcək və yalnız iyulun 19-da New York New Jersey Stadiumda keçiriləcək finalda qarşılaşa bilərlər.

Məhz bu qeyri-müəyyənlik süjeti daha da maraqlı edir. Azarkeşlər ya iki əfsanənin erkən duelini, ya da arzulanan finalı görə bilərlər. Yeni format və ən yaxşı üçüncü yerlərin də pley-offa yüksəlməsi əlavə variantlar yaratsa da, bu, qrup mərhələsinin yekun nəticələrindən asılı olacaq.

Daha bir maraqlı qarşıdurma Kilian Mbappe ilə Erlinq Holand arasında yaşana bilər. Fransa və Norveç I qrupunda Seneqal və İraqla birlikdə mübarizə aparacaq. Norveç – Fransa oyunu iyunun 26-da Bostonda keçiriləcək və artıq indidən qrup mərhələsinin ən diqqətçəkən görüşlərindən biri hesab olunur.

Mbappe üçün bu, dünya çempionatları tarixinin ən yaxşı oyunçularından biri statusunu möhkəmləndirmək üçün növbəti fürsətdir. O, 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə final oynayıb və Fransa millisinin əsas siması olaraq qalır. Holand isə ilk dəfə dünya çempionatında çıxış edəcək. Norveç 28 illik fasilədən sonra mundiala qayıdıb və "Mançester Siti"nin hücumçusu bu dönüşün əsas simvoluna çevrilib.

H qrupunda da böyük maraq gözlənilir. Burada İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı və Kabo-Verde milliləri yer alıblar. Diqqət mərkəzində isə Lamin Yamal olacaq. Gənc vinger artıq yeni futbol nəslinin simvollarından biri hesab edilir və DÇ-2026-da ilk dəfə dünya çempionatı səhnəsinə çıxacaq.

İyunun 26-da Qvadalaxarada keçiriləcək İspaniya – Uruqvay qarşılaşması qrup mərhələsinin ən maraqlı oyunlarından biri ola bilər. Bir tərəfdə topa nəzarət, sürət və Yamalın kreativliyi, digər tərəfdə isə Uruqvayın sərt futbolu, xarakteri və Federiko Valverdenin rəhbərlik etdiyi güclü yarımmüdafiə xətti dayanır. Bu, sadəcə Avropa ilə Cənubi Amerikanın deyil, iki fərqli futbol mədəniyyətinin qarşıdurmasıdır.

Yamal eyni zamanda turnirin digər gənc istedadları ilə də simvolik yarış aparacaq. Onlardan biri meksikalı Hilberto Moradır. DÇ-2026 bu futbolçular üçün vaxtilə Pele, Maykl Ouen, Mbappe və Messi üçün olduğu kimi, bir neçə həftə ərzində dünya ulduzuna çevrilmək imkanı yarada bilər.

Diqqətçəkən digər afişalardan biri Braziliya – Mərakeş duelidir. Mərakeş millisi DÇ-2022-nin əsas sürprizi olmuş, yarımfinala yüksəlmişdi. İndi isə dünya çempionatları tarixinin ən titullu komandası ilə qüvvəsini sınayacaq. Braziliya üçün də bu görüş xüsusi əhəmiyyət daşıyır. Beşqat dünya çempionları uzun müddətdir kuboku qazana bilmirlər və turnirə böyük təzyiq altında gəlirlər.

Fransa – Seneqal qarşıdurması da həm idman, həm də emosional baxımdan xüsusi maraq doğurur. Fransızlar turnirin favoritlərindən biri sayılsalar da, Seneqal artıq çoxdan Afrika futbolunun təhlükəli komandalarından birinə çevrilib. Təcrübəli və fiziki cəhətdən güclü kollektiv favoritlərə ciddi müqavimət göstərə bilər.

L qrupunda İngiltərə ilə Xorvatiyanın görüşü də tarixi çalar daşıyır. Məhz xorvatlar DÇ-2018-in yarımfinalında ingilislərin yolunu kəsmişdilər. Yeni qarşılaşma İngiltərə üçün simvolik revanş imkanı olacaq. Tomas Tuhelnin komandası növbəti böyük titul həsrətinə son qoymaq ümidi ilə mundiala yollanıb.

DÇ-2026-nın daha bir maraqlı tərəfi debütantlardır. İlk dəfə dünya çempionatında Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri çıxış edəcəklər. Onların futbol nəhənglərinə qarşı oyunları ayrıca maraq doğurur. İordaniya üçün Argentina ilə görüş tarixi hadisə olacaqsa, Özbəkistan üçün Portuqaliya və Kolumbiyaya qarşı matçlar bütün dünyaya özünü tanıtmaq fürsəti yaradacaq. Kabo-Verde isə artıq qrup mərhələsində İspaniya və Uruqvay kimi rəqiblərlə üzləşəcək.

Turnirdə ailə hekayələri də diqqət çəkə bilər. Müxtəlif millilərdə çıxış edən qohum futbolçuların qarşılaşması ehtimalı mundiala əlavə emosional rəng qatır. Burada təkcə taktika və futbol məktəbləri deyil, insan taleləri də toqquşur.

Ev sahiblərini də unutmaq olmaz. Meksika mundialı CAR-a qarşı əfsanəvi “Asteka”da açacaq. ABŞ ev mundialında futbol mədəniyyətinin inkişafını nümayiş etdirməyə çalışacaq. Kanada isə dünya çempionatları tarixində ilk qələbəsini qazanmaq arzusu ilə meydana çıxacaq. Hər üç ölkə üçün ev amili ayrıca üstünlük hesab olunur.

DÇ-2026 böyük rəqəmlərin turniri kimi başlayır. Lakin onun yadda qalmasını təmin edə biləcək əsas amil böyük duelər olacaq. Messi ilə Ronaldu – bir futbol dövrünün arzusu, Mbappe ilə Holand – yeni nəslin liderliyi uğrunda mübarizə, Yamal və Mora isə gələcəyin simvollarıdır. Bütün bunların fonunda klassik milli komandalar qarşıdurmaları, debütantlar, revanşlar və yeni hekayələr dünya çempionatını yenə də planetin ən böyük futbol tamaşasına çevirəcək.

İdman.Biz