Dünya çempionatının bütün oyunlarını canlı necə izləmək olar? - İTV-dən AÇIQLAMA

11 İyun 2026 15:43
165
Dünya çempionatının bütün oyunlarını canlı necə izləmək olar? - İTV-dən AÇIQLAMA

Futbol üzrə FIFA Dünya Çempionatının Azərbaycanda yayım planı açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu gün start götürəcək turnirin oyunları Azərbaycan tamaşaçılarına İctimai Televiziya tərəfindən təqdim olunacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialın 104 oyunundan 92-si İTV-nin efirində canlı yayımlanacaq. Qrup mərhələsinin üçüncü turunda eyni vaxtda keçiriləcək 12 oyun isə CBC Sport-da canlı göstəriləcək. Bununla da azarkeşlər turnirin bütün qarşılaşmalarını canlı izləyə biləcəklər.

Lisenziya qaydalarına əsasən, mundial ərzində yalnız 15 oyun İctimai TV-nin “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq. Bu qarşılaşmalar arasında Türkiyə millisinin üç qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 matç yer alacaq.

İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az platformasında da canlı izlənilə biləcək.

Azarkeşlər hər gün saat 12:30-da “FIFA Günün İcmalı”nı izləyə biləcəklər. Gecə saatlarında keçirilən oyunların təkrarları isə 14:00-18:00 aralığında İctimai Televiziyada nümayiş olunacaq. Matçların ən maraqlı epizodları, qollar və icmallar İTV-nin “YouTube” kanalında da təqdim ediləcək.

Bundan başqa, gün ərzində “Bol futbol” proqramı efirə gedəcək. Verilişdə turnirin əsas məqamları və aktual hadisələri peşəkar ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Proqramda müasir yayım texnologiyaları və yeni təqdimat formatları tətbiq ediləcək.

Qarşılaşmaların şərhinə İctimai TV və CBC Sport-un şərhçiləri cəlb ediləcək.

İdman.Biz