Bu gün Mexiko şəhərində dördilliyin ən möhtəşəm futbol hadisəsi - 2026-cı il dünya çempionatı start götürəcək.
İdman.Biz xəbər verir ki, mundial tarixdə ilk dəfə eyni anda üç ölkədə - Amerika Birləşmiş Ştatları, Kanada və Meksikada keçiriləcək. 48 komanda və 104 oyundan ibarət yeni format bu turniri dünya çempionatları tarixinin ən irimiqyaslı yarışına çevirir.
Rəsmi açılış mərasimi bütün futbol dünyasının əfsanəvi “Asteka” stadionu kimi tanıdığı “Mexico City Stadium” arenasında baş tutacaq. Tədbir Bakı vaxtı ilə oyunun start fitindən 90 dəqiqə əvvəl - saat 21:30-da başlayacaq. Meksika və CAR milliləri arasında keçiriləcək açılış görüşü isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Mexikodakı mərasim özünəməxsus açılış trilogiyasının ilk hissəsi olacaq. Daha sonra Kanada və ABŞ da ev sahibi komandaların ilk görüşləri öncəsində xüsusi şou proqramları təqdim edəcəklər. Meksikadakı tədbir futbol, musiqi və milli mədəniyyətə həsr olunacaq. Şounun tərtibatında ən diqqətçəkən elementlərdən biri Meksikanın ənənəvi dekorativ kağız oyma sənəti olan “papel pikado” olacaq.
Mərasimin əsas ulduzları Şakira və Burna Boy olacaq. Onlar ilk dəfə DÇ-2026-nın rəsmi mahnısı olan “Dai Dai”ni səsləndirəcəklər. Şouda həmçinin Alexandro Fernandes, Belinda, Deni Okean, J Balvin, Lila Dovns, Los Angeles Azules, Mana və Tila də iştirak edəcəklər. FIFA-nın məlumatına görə, stadiondakı azarkeşlər də proqramın bir hissəsinə çevriləcəklər. Bu səbəbdən tamaşaçılara arenaya öncədən gəlmək tövsiyə olunub.
Axşamın xüsusi rəmzi mənası arenanın özü ilə bağlıdır. “Asteka” dünya futbol tarixinin ən məşhur stadionlarından biridir. Arena 1966-cı ildə istifadəyə verilib və artıq 1970 və 1986-cı illərin dünya çempionatlarına ev sahibliyi edib. Məhz burada Pelenin liderlik etdiyi Braziliya millisi DÇ-1970-in finalında İtaliyanı məğlub edib. 1986-cı ildə isə Dieqo Maradonanin başçılıq etdiyi Argentina millisi finalda AFR üzərində qələbə qazanaraq dünya çempionu olub.
Həmin arenada Maradona İngiltərə yığmasına qarşı futbol tarixinə düşən iki məşhur qolunu vurub. Onlardan biri “Tanrının əli”, digəri isə sonradan futbol tarixinin ən möhtəşəm qollarından biri kimi qəbul edilən fərdi keçidlə vurulan qol olub.
İndi “Asteka” yenidən tarix yazacaq. Arena dünya çempionatlarının oyunlarını üç müxtəlif turnirdə qəbul edən ilk stadion olacaq. Bundan əlavə, burada üçüncü dəfə mundialın açılış oyunu keçiriləcək. Daha əvvəl 1970 və 1986-cı illərdə də turnirlər məhz bu stadionda start götürmüşdü.
Dünya çempionatlarının açılış oyunları dəfələrlə futbol tarixində xüsusi yer tutub. 1930-cu ildə keçirilən ilk mundialın ilk qolunu fransız futbolçu Lüsyen Loran vurub və həmin top məhz Meksika millisinin qapısından keçib. 1990-cı ildə Kamerun dünya çempionu Argentinanı sensasion şəkildə 1:0 hesabı ilə məğlub edib. 2002-ci ildə isə Seneqal Fransa yığmasını eyni hesabla üstələyib. 2006-cı ildə Almaniya ilə Kosta-Rika arasında keçirilən görüş 4:2 hesabı ilə başa çatıb, 2018-ci ildə isə Rusiya Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə darmadağın edib.
Bu gün keçiriləcək qarşılaşmanın da öz tarixi xətti var. Meksika və CAR artıq bir dəfə dünya çempionatının açılış matçında üz-üzə gəliblər. Bu, 2010-cu ildə Yohannesburqda baş verib. Həmin görüş 1:1 hesabı ilə yekunlaşıb. Oyun daha çox Sifive Çabalalanın möhtəşəm qolu və Rafael Markesin cavab topu ilə yadda qalıb.
Komandalar arasında keçirilən dörd oyunun statistikası Meksikanın üstünlüyünü göstərir. Meksikalılar iki dəfə qalib gəliblər, CAR bir qələbə qazanıb, bir görüş isə heç-heçə başa çatıb. 1993-cü ildə Meksika rəqibini 4:0, 2000-ci ildə 4:2 hesabı ilə məğlub edib. 2005-ci ildə CAR 2:1 hesabı ilə revanş alıb, DÇ-2010-un açılış görüşü isə 1:1 hesabı ilə yekunlaşıb.
Turnir baxımından bu oyun hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Ev sahibi Meksika öz azarkeşləri önündə çıxış edəcək və tribunaların təzyiqini hiss edəcək. Xavyer Aqirrenin komandası favorit sayılsa da, belə matçlarda təkcə ustalıq deyil, emosional sabitlik də vacib amildir. Aqirre ev mundialının atmosferini yaxşı bilir. O, 1986-cı il dünya çempionatının iştirakçısı olub, indi isə milli komandaya baş məşqçi kimi rəhbərlik edir.
CAR isə oyuna autsayder statusunda çıxsa da, Huqo Brosun komandası bundan üstünlük kimi yararlanmağa çalışacaq. Cənubi afrikalılar yüksəkliyə uyğunlaşmaq üçün əvvəlcədən Mexikoya gəliblər və ilk matçı qrupdan çıxmaq yolunda əsas görüş hesab edirlər. A qrupunda Meksika və CAR-la yanaşı, Cənubi Koreya və Çexiya milliləri də mübarizə aparırlar.
Beləliklə, dünya çempionatı tarix, rəmzlər və böyük gözləntilərin qovuşduğu qarşılaşma ilə başlayır. Böyük futbol yayının ilk paytaxtı isə bu gün məhz Mexiko olacaq.
