2026-cı il Dünya Çempionatında iştirak edəcək futbol yığmalarının baş məşqçiləri arasında ən cazibədarlar reytinqi açıqlanıb.
İdman.Biz “Live Football”a istinadən xəbər verir ki, araşdırmasında 48 komandanın çalışdırıcısı müxtəlif meyarlar əsasında qiymətləndirilib.
Araşdırmada üz simmetriyası, boy, yaş və məşqçi uğurları əsas götürülüb. Yekun nəticələr 10 ballıq sistem üzrə hesablanıb.
Reytinqdə birinci yeri Əlcəzair futbol millisinin baş məşqçisi Vladimir Petkoviç tutub. 62 yaşlı mütəxəssis 9,30 xal toplayıb.
İkinci pillədə Avstraliya futbol millisinin çalışdırıcısı Toni Popoviç qərarlaşıb. O, 8,99 xalla Dünya Çempionatının ən cazibədar məşqçiləri sırasında ilk üçlüyə düşüb.
Üçüncü yeri İsveç futbol millisinin baş məşqçisi Qrem Potter tutub. İngiltərəli mütəxəssis 8,51 xal qazanıb.
İngiltərə futbol millisinin baş məşqçisi Tomas Tuxel isə 8,43 xalla dördüncü olub. Onun boyu və məşqçi kimi qələbə faizi yüksək qiymətləndirilsə də, bu göstərici podium üçün kifayət etməyib.
İlk onluq belədir:
1. Vladimir Petkoviç, Əlcəzair - 9,30 xal
2. Toni Popoviç, Avstraliya - 8,99 xal
3. Qrem Potter, İsveç - 8,51 xal
4. Tomas Tuxel, İngiltərə - 8,43 xal
5. Emerse Fae, Kot-d'İvuar - 8,37 xal
6. Xulen Lopetegi, Qətər - 8,32 xal
7. Yulian Nagelsman, Almaniya - 8,29 xal
8. Ronald Kuman, Niderland - 8,24 xal
9. Murat Yakın, İsveçrə - 8,23 xal
10. Tomas Kristiansen, Panama - 7,89 xal
Siyahıda sabiq “Mançester Yunayted” baş məşqçisi Ralf Rangnik 34-cü pillədə yer alıb. Avstriya futbol millisinin çalışdırıcısı 6,53 xal toplayıb.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 27-ci, ABŞ yığmasının çalışdırıcısı Maurisio Poçettino 30-cu, Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa 44-cü, Kanada millisinin çalışdırıcısı Cessi Marş isə 45-ci olub.
Sonuncu - 48-ci pillədə Yeni Zelandiya futbol millisinin baş məşqçisi Darren Beyzli qərarlaşıb. O, 4,31 xal toplayıb.
