Jotanın həyat yoldaşından Robertsona duyğusal məktub - VİDEO

9 İyun 2026 14:55
114
Jotanın həyat yoldaşından Robertsona duyğusal məktub - VİDEO

Şotlandiya futbol millisinin kapitanı Endi Robertson Dünya Çempionatı-2026 öncəsi duyğusal anlar yaşayıb.

İdman.Biz xəbər verir ki, mərhum portuqaliyalı futbolçu Dioqu Jotanın həyat yoldaşı Rute Kardozu ona məktub ünvanlayıb.

Məktub FIFA-nın “Letters That Unite” layihəsi çərçivəsində təqdim olunub. Kardozu Robertsonla Jota arasındakı dostluğu xatırladıb və şotlandiyalı futbolçuya mərhum həyat yoldaşının xatirəsini yaşatdığı üçün təşəkkür edib.

O, Jotanın Dünya Çempionatında oynamaq arzusunu Robertsonun özü ilə turnirə apardığını bildirib. Məktubda qeyd olunub ki, Şotlandiyanın uzun fasilədən sonra mundiala yüksəlməsi Jotanın da bir vaxtlar bölüşdüyü arzunun davamı kimi görünür.

Robertson məktubu oxuyarkən duyğulanıb. O, Jotanın xatirəsini hər zaman yaşadacağını və Dünya Çempionatında təkcə özü üçün yox, həm də keçmiş “Liverpul” komanda yoldaşı üçün oynayacağını deyib.

Dioqu Jota və Endi Robertson “Liverpul”da yaxın dost olublar. Portuqaliyalı futbolçu 2025-ci ilin iyulunda avtomobil qəzasında 28 yaşında vəfat edib.

Şotlandiya millisi Dünya Çempionatı-2026-da C qrupunda Haiti, Mərakeş və Braziliya ilə qarşılaşacaq.

İdman.Biz