İtaliyanın “Milan” klubunda çıxış edən portuqaliyalı futbolçu Rafael Leau 2026-cı il Dünya Çempionatının start oyunlarını buraxmaq təhlükəsi ilə üzləşib.
İdman.Biz xəbər verir ki, buna onun Portuqaliya millisinin Çiliyə qarşı yoldaşlıq matçında aldığı qırmızı vərəqə səbəb olub.
Hücumameyilli futbolçu qarşılaşmanın birinci hissəsinin sonlarında meydanda yaranan gərginlik zamanı rəqib futbolçu ilə mübahisəyə qoşulub. Nəticədə baş hakim həm Leauya, həm də Çili millisinin futbolçusu İvan Romana qırmızı vərəqə göstərib.

Məsələ FIFA-nın İntizam Komitəsinin qərarından asılı olacaq. Əgər qurum epizodu aqressiv davranış kimi qiymətləndirərək cəzanı yalnız yoldaşlıq oyunları ilə məhdudlaşdırmasa, diskvalifikasiya Dünya Çempionatının rəsmi matçlarına da şamil edilə bilər.
Bu halda Portuqaliya millisinin baş məşqçisi Roberto Martines turnirin ilk oyunlarında əsas hücum xətti futbolçularından birinin xidmətindən yararlana bilməz. Leau FIFA qərarına qədər növbəti yoldaşlıq görüşünü buraxmalı olacaq.
