Futbol üzrə İran millisinin FIFA Dünya Çempionatındakı baza düşərgəsi ABŞ-dən Meksikaya köçürülür.
İdman.Biz xəbər verir ki, bunu İran Futbol Federasiyasının prezidenti Mehdi Tac açıqlayıb. Onun sözlərinə görə, FIFA və turnirin rəsmi şəxsləri ilə aparılan danışıqlardan sonra komandanın Arizonadakı əvvəlki baza planının dəyişdirilməsi barədə müraciət qəbul olunub.
Mehdi Tac bildirib ki, İran millisi Meksika ilə ABŞ sərhədində, Sakit okeanın yaxınlığında yerləşən Tixuana şəhərində məskunlaşacaq:
“Dünya Çempionatında iştirak edən ölkələrin bütün baza düşərgələri FIFA tərəfindən təsdiqlənməlidir. Xoşbəxtlikdən, göndərdiyimiz sorğulardan, FIFA və Dünya Çempionatının rəsmi şəxsləri ilə keçirdiyimiz görüşlərdən sonra komandanın bazasının ABŞ-dən Meksikaya köçürülməsi barədə xahişimiz qəbul edildi”.
İran tərəfi bu addımı viza və logistika ilə bağlı mümkün çətinliklərin azaldılması ilə izah edir. Mehdi Tacın sözlərinə görə, Tixuana Los-Ancelesdə keçiriləcək oyunlara daha yaxın məsafədə yerləşir və komandanın Meksikaya birbaşa İran Hava Yolları ilə səfər etməsi də mümkün ola bilər.
İran millisi G qrupunda Yeni Zelandiya, Belçika və Misir yığmaları ilə mübarizə aparacaq. Komanda ilk iki oyununu Los-Ancelesdə keçirəcək: 15 iyunda Yeni Zelandiya, 21 iyunda isə Belçika ilə qarşılaşacaq. İran millisi qrupdakı son matçında 26 iyunda Sietldə Misirlə üz-üzə gələcək.
Qeyd edək ki, FIFA Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
