Plyuşenkonun oğlunun Azərbaycan millisində çıxışı maneə ilə üzləşə bilər - İDMAN.BİZ-in İCMALI

4 İyun 2026 17:08
128
Plyuşenkonun oğlunun Azərbaycan millisində çıxışı maneə ilə üzləşə bilər - İDMAN.BİZ-in İCMALI

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu, gənc fiqurlu konkisürən Aleksandr Plyuşenkonun Azərbaycan millisinin heyətində çıxış etmək planı Beynəlxalq Konkisürmə İttifaqınının (ISU) yenilənmiş qaydaları səbəbindən ciddi maneə ilə üzləşə bilər.

İdman.Biz xəbər verir ki, 2026-cı il iyunun 12-dən etibarən ISU-nun yeni “Competition & Event Regulations” (Müsabiqə və Tədbir Qaydaları) sənədi qüvvəyə minəcək. Qaydalara əsasən, fiqurlu konkisürən yalnız vətəndaşı olduğu ölkəni və ya ən azı bir il yaşadığı dövləti beynəlxalq yarışlarda təmsil edə bilər.

Bununla yanaşı, rezidentlik statusu son təqvim ili ərzində ölkədə fasiləsiz ən azı 180 gün yaşamağı təsdiqləyən sənədlərlə sübut olunmalıdır.

Məhz bu tələb kiçik Plyuşenko üçün əsas risk hesab edilir. Əgər onun statusu tamhüquqlu vətəndaşlıq kimi deyil, müvəqqəti "idman vətəndaşlığı" və ya federasiya ilə razılaşma kimi qiymətləndirilsə, Azərbaycan bayrağı altında yarışlara buraxılması üçün ölkədə faktiki yaşayışını sübut etməsi tələb oluna bilər.

Məsələni mürəkkəbləşdirən məqamlardan biri də fərqli açıqlamalardır. Yevgeni Plyuşenko daha əvvəl oğlunun beş il müddətinə "Azərbaycanın idman vətəndaşlığını" aldığını bildirmişdi. Rusiya Fiqurlu Konkisürmə Federasiyasının prezidenti Anton Sixarulidze isə Aleksandrın Azərbaycan pasportu aldığını söyləmişdi.

Əgər mülki pasportun mövcudluğu təsdiqlənər və ISU tərəfindən qəbul edilərsə, rezidentliklə bağlı risklər aradan qalxa bilər. Lakin ISU Şurası formal tələblər yerinə yetirilsə belə, bunu idman növünün inkişafına mənfi təsir hesab edərsə, müraciəti rədd etmək hüququna malikdir.

Rusiyadan Azərbaycana keçmək istəyən digər fiqurlu konkisürən Veronika Jilinanın vəziyyəti isə bir qədər fərqli görünür. O da yaxın zamanda Rusiya Federasiyasından buraxılış məktubu alıb. Jilina əvvəllər Azərbaycan pasportu aldığını açıqlayıb və həyatının artıq bir neçə ildir Bakı ilə bağlı olduğunu, tez-tez Azərbaycana səfər etdiyini bildirib.

Bundan başqa, idmançı sosial şəbəkələrdə “Sea Breeze”dəki mənzilindən görüntülər paylaşaraq həmin məkanı Bakıya səfərləri zamanı yaşadığı yer kimi təqdim edib. Bu, 180 günlük yaşayış tələbinin avtomatik sübutu olmasa da, onun Azərbaycanla daha sıx əlaqələrinin olduğunu göstərir.

Plyuşenkonun keçidində digər mühüm məsələ vergi öhdəlikləri ilə bağlıdır. Rusiya Federal Vergi Xidmətinin qaydalarına əsasən, təqvim ili ərzində ən azı 183 gün ölkədə olan şəxs vergi rezidenti hesab edilir. Bu müddət tamamlanmadıqda vergi statusu dəyişə bilər və Rusiyadakı bəzi gəlir mənbələri üzrə qeyri-rezidentlər üçün vergi dərəcəsi əhəmiyyətli dərəcədə yüksələ bilər.

Bu səbəbdən ISU-nun Azərbaycanda 180 gün yaşamaq tələbi Plyuşenko ailəsi üçün yalnız idman deyil, həm də məişət, maliyyə və hüquqi problemlər yarada bilər. Xüsusilə də ailənin əsas gəlir mənbələrinin Rusiyada yerləşdiyi nəzərə alınarsa.

Formal olaraq yeni ölkə ilə real əlaqənin sübut edilməsi tələb olunur. Praktikada isə bu, Rusiyadan kənarda uzunmüddətli qalmaq, məşq prosesinin yenidən qurulması və sənədlərə daimi nəzarət deməkdir.

Nəticə etibarilə, Aleksandr Plyuşenkonun Azərbaycan millisində çıxış edəcəyi hələ tam təmin olunmuş hesab edilə bilməz. Əgər ISU Azərbaycan pasportunu tanıyaraq ona “Clearance Certificate” (təmizlənmə və ya icazə sertifikatı) təqdim etsə, yeni yığmada çıxış etməsinin qarşısında maneə qalmayacaq. Əks halda, beynəlxalq qurum rezidentlik sübutu tələb etsə və ya təqdim olunan sənədləri kifayət qədər əsaslı hesab etməsə, keçid prosesi ya baş tutmaya, ya da əhəmiyyətli dərəcədə uzana bilər.

Veronika Jilinanın mövqeyi isə Azərbaycan pasportunun mövcudluğu və ölkə ilə daha görünən əlaqələri səbəbindən daha sabit görünür. Bununla belə, hər iki idmançının taleyi ilə bağlı son qərarı sənədlərin araşdırılmasından sonra məhz ISU verəcək.

İdman.Biz