Yevgeni Plyuşenko: “Azərbaycanda fiqurlu konkisürmənin inkişafına kömək edəcəyəm”

22 İyul 2026 16:56
92
Yevgeni Plyuşenko: “Azərbaycanda fiqurlu konkisürmənin inkişafına kömək edəcəyəm”

Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşenko Azərbaycanda bu idman növünün inkişafına dəstək vermək niyyətində olduğunu bildirib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Plyuşenkonun sözlərinə görə, “Sea Breeze”in təsisçisi Emin Ağalarovla əməkdaşlığı bir neçə il əvvəl Azərbaycanda buz şoularının təşkili zamanı başlayıb. Daha sonra tərəflər ölkədə fiqurlu konkisürmənin inkişaf perspektivlərini müzakirə ediblər.

Olimpiya çempionu qeyd edib:

“Söhbətlərimizdən birində Emin “Sea Breeze”də buz arenaları tikmək istədiyini dedi və məni uşaqlarla işləməyə, fiqurlu konkisürmənin inkişafına kömək etməyə dəvət etdi. Məmnuniyyətlə razılaşdım. Dost ölkənizə kömək etməyə və Rusiya ilə Azərbaycan arasında dostluğa töhfə verməyə hazıram. İdmanın sərhədi yoxdur; idman yalnız insanları birləşdirməlidir”.

“Sea Breeze”də DREAM FEST beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən “Crocus Fitness Padel Cup” turnirində qələbəni şərh edən idmançı qeyd edib ki, o, təkcə öz nəticəsindən deyil, həm də yarışın formatından məmnundur.

“Qələbədən məmnunam. Əlbəttə, padel ilə peşəkarcasına məşğul olan idmançılar var, ona görə də onlarla yarışmaq asan deyil. Amma komandalar gücünə görə bərabər olmadıqda belə, mübarizə əzminin qorunub saxlanılması xoşuma gəlir. Eminin təşkil etdiyi turnirdə Pro-Am - peşəkar və həvəskar formatı seçilmişdi. Bu, çox maraqlı oldu”, - Plyuşenko bildirib.

Olimpiya çempionu, həmçinin təxminən bir ildir ki, padel ilə məşğul olduğunu və onun bu müddət ərzində ən sevimli idman növlərindən birinə çevrildiyini bildirib.

“Padeli çox sevirəm. Cəmi bir ildir ki, oynayıram, amma artıq Moskvadakı evimdə kortlar tikmişəm, ona görə də daim məşq edirəm. Bu oyunu çox sevirəm”, - deyə idmançı qeyd edib.

Plyuşenko, həmçinin oğlu Aleksandrın bu mövsümdən etibarən Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcəyini açıqlayıb.

“Qarşımızda beynəlxalq yarışlar və Qran-Pri mərhələləri var. Türkiyəyə, sonra Gürcüstana gedəcəyik. Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - deyən fiqurlu konkisürən oğlunun Azərbaycan yığmasının tərkibində yaxşı perspektivləri olduğuna əminliyini ifadə edib.

İdman.Biz