Azərbaycan millisinin fiqurlu konkisürəni rusiyalı tənqidçilərə cavab verib

22 İyul 2026 13:07
98
Azərbaycan millisinin fiqurlu konkisürəni rusiyalı tənqidçilərə cavab verib

Azərbaycan millisini təmsil edən fiqurlu konkisürən Aleksandr Plyuşenko futbol barədə səsləndirdiyi fikirlərə görə ünvanına yönələn tənqidlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu olan idmançı 2026-cı il futbol üzrə dünya çempionatı zamanı etdiyi açıqlamalardan sonra Rusiyada geniş tənqid olunduğunu deyib.

İdmançının sözlərinə görə, o, hansı mövzuda fikir bildirməsindən asılı olmayaraq, daim hədəfə çevrilir.

"Görürəm ki, məni istənilən fikrimə görə tənqid edirlər. Lev Yaşin barədə dediklərimə, final zamanı hamama getməyimə, Argentinanı tənqid etməyimə görə haqqımda müxtəlif fikirlər yazırlar, məni pis insan adlandırırlar. Əgər məni bəyənmirsinizsə, oxumayın, izləməyin. Bu, çox asandır. Məni idman saytlarında görmək istəmirsinizsə, sadəcə yan keçin və tənqid etməyin", – deyə o, "Sport-Ekspress" nəşrinə bildirib.

13 yaşlı idmançı vurğulayıb ki, heç kimə öz baxışını qəbul etdirməyə çalışmır və sadəcə şəxsi fikirlərini açıq şəkildə ifadə edir.

"Mən yalnız öz fikrimi deyirəm. Bəli, əlavə vaxtın hissələri arasındakı fasilədə hamama getdim və oyunun yenidən başlanmasına çatmadım. Bunun nəyi pisdir? Həm də hesab edirəm ki, dünya çempionatının finalı, xüsusilə geniş tamaşaçı auditoriyası üçün maraqlı keçmədi. Bu, mənim şəxsi fikrimdir", - deyə Plyuşenko bildirib.

Fiqurlu konkisürən həmçinin niyə dünyanın ən yaxşı qapıçıları ilə bağlı müqayisədə əfsanəvi Lev Yaşini deyil, Kabo-Verde millisinin qapıçısı Vozinyanı seçdiyini də izah edib.

"Lev Yaşin əfsanədir, bunu heç kim inkar etmir. Amma mən onun oyununu canlı izləməmişəm. Vozinyanı isə öz gözlərimlə görmüşəm. Buna görə də seçimim belə olub və buna haqqım çatır", - deyə o bildirib.

Plyuşenko əlavə edib ki, Argentina millisinin dünya çempionatındakı oyun üslubunu hələ də həddindən artıq kobud hesab edir.

Xatırladaq ki, Aleksandr Plyuşenkonun bu ilin yazında Azərbaycan millisini seçməsi Rusiyada böyük rezonans doğurmuşdu. Onun idman vətəndaşlığının dəyişdirilməsi təsdiqləndikdən sonra 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanıb.

İdmançının futbolla bağlı səsləndirdiyi fikirlər də Rusiya ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Xüsusilə, Vozinyanı Lev Yaşindən üstün tutması, həmçinin Argentina millisini və 2026-cı il dünya çempionatının finalını tənqid etməsi Rusiya KİV-lərində və sosial şəbəkələrdə geniş rezonans doğurub. Onun anası Yana Rudkovskaya isə oğlunu açıq şəkildə müdafiə edərək, hər kəs kimi onun da şəxsi fikrini ifadə etmək hüququnun olduğunu bildirib.

İdman.Biz