Azərbaycanı təmsil edən fiqurlu konkisürən Aleksandr Plyuşenko məşq zamanı müasir yeniyetmələr arasında kişilərin tək proqramında yerinə yetirilən ən çətin kaskadlardan birini icra edib.
İdman.biz xəbər verir ki, 13 yaşlı idmançı sosial şəbəkə hesabında üç üçqat tullanmadan ibarət kombinasiyanı təmiz şəkildə yerinə yetirdiyi videonu paylaşıb. O, ardıcıl olaraq üçqat lutz, oyler vasitəsilə üçqat flip və üçqat ritberqer tullanmalarını icra edib.
Mütəxəssislər bu kaskadı çox yüksək səviyyəli texniki element hesab edirlər. Güclü fiqurlu konkisürənlərin əksəriyyəti proqramlarında iki üçqat tullanmadan ibarət kaskadlardan istifadə etdiyi halda, üç üçqat tullanmadan ibarət kombinasiya müstəsna koordinasiya, sürət, dəqiqlik və hər enişdən sonra tarazlığı qorumaq bacarığı tələb edir.
Böyüklər arasında kişilərin fiqurlu konkisürməsində aparıcı idmançılar artıq dördqat tullanmaları əsas silaha çevirsələr də, üç üçqat tullanmadan ibarət kaskad hələ də texniki baxımdan son dərəcə mürəkkəb element sayılır. Bu, xüsusilə yeniyetmə yaş qrupuna aid idmançılar üçün keçərlidir. Bununla belə, Plyuşenko kiçik bu elementi hələlik yalnız məşq zamanı yerinə yetirib. Onun bu kaskadı yeniyetmələrin Qran-pri mərhələləri üçün hazırladığı proqrama daxil edib-etmədiyi, eləcə də yarış zamanı həmin elementi eyni səviyyədə təmiz icra edib-edə bilməyəcəyi hələ məlum deyil.
Qeyd edək ki, daha əvvəl Plyuşenko kiçik beş il müddətinə Azərbaycanın idman vətəndaşlığını alaraq milli komandaya qoşulub. O, Azərbaycan millisinin heyətində debütünü sentyabrın 17-19-da Ankarada keçiriləcək yeniyetmələrin Qran-prisinin dördüncü mərhələsində edəcək.
