Natalya Məmmədova: “Karyeramı bitirdikdən sonra nə edəcəyimi bilmirdim”

16 İyun 2026 11:13
87
Natalya Məmmədova: “Karyeramı bitirdikdən sonra nə edəcəyimi bilmirdim”

Azərbaycan millisinin yaxın keçmişdəki aparıcı voleybolçularından biri olan Natalya Məmmədovanın adı hələ də gündəmdə qalmaqdadır. Hücumçu karyerasını başa vurduqdan sonra qarşılaşdığı ən çətin məqam barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, hazırda Fransada yaşayan idmançı aktiv karyerasını başa vurduqdan sonra ən çətin məsələlərdən birinin gündəlik həyatda öz yerini tapmaq olduğunu etiraf edib.

“Bu mərhələdə özünü hansısa sahədə reallaşdırmaq vacibdir. Çünki təkcə idmandakı fəaliyyət başa çatmır, eyni zamanda rejim, məşqlər, səfərlər və oyunlar da sona yetir. Buna görə də bəzən belə bir boşluq yarananda özünü harada və necə reallaşdıracağını bilmirsən. Amma şəxsən mənim üçün ciddi çətinliklər olmadı, baxmayaraq ki, ilk vaxtlar nə ilə məşğul olacağımı təsəvvür etmirdim. Nutrisiologiya da, desertlərin və müxtəlif şirniyyatların hazırlanması prosesi də mənə maraqlı idi. Fransada yaşadığımı nəzərə alaraq fransız dilini öyrənirdim. Həmçinin ailə qurmaq və ana kimi özümü reallaşdırmaq istəyirdim”, - deyə N.Məmmədova bildirib.

Voleybolçu əlavə edib ki, həmin dövrdə çox səyahət edib, dostları və yaxınları ilə görüşüb.

“Karyeramı başa vurduqdan sonra ilk bir neçə il necə keçdi, hiss etmədim. Fiziki baxımdan orqanizm üçün uyğun yük balansını tapmaq vacib idi. Çünki bədən uzun illər ərzində yüklənmələrə öyrəşmişdi. İlk vaxtlar dincəlirsən, amma sonra bədən yenidən fiziki fəaliyyət tələb edir. Çünki hərəkətsizlik özünü sağlamlıq və ümumi vəziyyətdə göstərməyə başlayır. Mən təbiətcə çox aktiv insan olduğum üçün fitneslə məşğul olur, tennis oynayır, xizək sürürdüm. Başqa sözlə, karyeram dövründə zədələrdən qorunmaq üçün edə bilmədiyim hər şeyi indi sınamağa çalışıram”, - deyə N.Məmmədova vurğulayıb.

O, karyerası ərzində Azərbaycan, Türkiyə, İtaliya, Rusiya, İspaniya, Çin və İsveçrə çempionatlarında çıxış edib. Natalya 2004-cü ildə Bakıda keçirilən lisenziya turnirində Azərbaycan millisində debüt edib və 2018-ci ilə qədər yığmanın formasını geyinib. Bu ilin yazında isə Bakıya gələrək Yüksək Liqanın oyunlarından birini izləyib.

İdman.Biz