U-18 millimiz B divizionunu beş pillə irəliləyişlə bitirib - YENİLƏNİB

2 Avqust 2026 15:51
843
U-18 millimiz B divizionunu beş pillə irəliləyişlə bitirib - YENİLƏNİB

Azərbaycanın U-18 oğlanlardan ibarət basketbol millisi FIBA Avropa çempionatının B divizionunda çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, millimiz 15-16-cı yerlər uğrunda keçirilən qarşılaşmada İslandiya yığmasına 73:91 hesabı ilə məğlub olub.

Azərbaycan komandası oyunun ikinci və dördüncü periodlarında rəqibindən üstün olub. Basketbolçularımız həmin hissələri müvafiq olaraq 24:16 və 22:15 hesabı ilə başa vurublar.

Millimiz qarşılaşmada 50 ribaund, 15 məhsuldar ötürmə, 10 topalma və beş blokla yadda qalıb.

Komandanın ən məhsuldar oyunçusu Emmanuel Aqbason olub. O, 23 xal, 23 ribaund, üç topalma və üç blokla fərqlənib. Hüseyn Məmmədov 16 xal, yeddi ribaund və iki blok, İsmayıl Abdullayev isə 15 xal, doqquz məhsuldar ötürmə və üç topalma ilə oyunu tamamlayıb.

U-18 millimiz turnirdə keçirdiyi səkkiz oyunun ikisində qələbə qazanıb. Komandamız qrup mərhələsində Ukrayna və Portuqaliya yığmalarına qalib gəlib.

2024-cü ildə C divizionunun qalibi olan Azərbaycan millisi 2025-ci ildən B divizionunda çıxış edir. Komanda 2025-ci ildə 21-ci yeri tutduğu turniri bu dəfə beş pillə irəlidə - 16-cı sırada başa vurub.

10:37

18 yaşadək oğlanlardan ibarət Azərbaycan basketbol millisi FIBA U-18 Avropa çempionatının B divizionunda son oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, yığmamız 15-16-cı yerlər uğrunda görüşdə İslandiya millisi ilə qarşılaşacaq. Matç 2 avqustda Xorvatiyanın Opatija şəhərindəki “Marino Tsvetkoviç” İdman Zalında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Azərbaycan millisi əvvəlki qarşılaşmasında Böyük Britaniyaya 55:67 hesabı ilə məğlub olub. İslandiya yığması isə Şimali Makedoniya ilə oyundan 74:86 hesablı məğlubiyyətlə ayrılıb.

Komandalar qrup mərhələsində də üz-üzə gəliblər. Həmin qarşılaşmada İslandiya millisi 95:56 hesabı ilə qalib gəlib.

İdman.Biz