Azərbaycan qadın voleybol millisinin hücumçusu Yelizaveta Ruban Avropa Liqasında Estoniya ilə oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Faiq Qarayevin komandası rəqibini 3:0 hesabı ilə məğlub edib. Görüşdə setlər 25:15, 25:14 və 25:20 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.
Ruban qələbədən sonra komandanın İsveçlə oyundakı məğlubiyyətdən düzgün nəticə çıxardığını bildirib:
“Bu gün qalib gəldik. Bütün oyunçulara, azarkeşlərə, məşqçilər heyətinə, federasiyaya təşəkkürümü bildirirəm. Şadam ki, İsveçə məğlubiyyətdən sonra toparlandıq və bu gün öz oyunumuzu oynaya bildik. Hər kəsə təşəkkür edirəm. İspaniya və Şimali Makedoniya ilə oyunlarda da bizi izləyin”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyununda İsveçə 0:3 hesabı ilə uduzub. Yığmamızın növbəti rəqibləri İspaniya və Şimali Makedoniya olacaq.
