“Məqsədimiz komandanın əsas heyətinin Naxçıvandan olan voleybolçulardan təşkil olunmasıdır” - Səməd Əkbərinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

22 İyul 2026 14:06
119
“Məqsədimiz komandanın əsas heyətinin Naxçıvandan olan voleybolçulardan təşkil olunmasıdır” - Səməd Əkbərinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycanın qadın voleybolu üzrə Yüksək Liqasında qarşıdakı mövsümdə Naxçıvanı təmsil edəcək “Möminə Xatun” komandası debüt edəcək.

Böyüklər səviyyəsində yeni iştirakçı statusu daşımasına baxmayaraq, klub artıq aşağı yaş qruplarında adından söz etdirməyi bacarıb. Komanda U-14, U-16 və U-18 yaş qrupları arasında ölkə çempionatının mükafatçısı olub, həmçinin “Muxtariyyət Kuboku” və “Suverenlik Kuboku”nun gümüş mükafatlarını qazanıb. İndi isə Naxçıvan ilk dəfə qadın voleybolu üzrə Yüksək Liqada təmsil olunacaq.

“Möminə Xatun”un məqsədləri, yeni mövsümdən gözləntiləri və gələcək heyəti barədə komandanın baş məşqçisi Səməd Əkbəri İdman.Biz-ə müsahibə verib.

– Komandanı sıfırdan formalaşdırmaq nə dərəcədə çətindir və heyət tam komplektləşəndən sonra onu necə görürsünüz?

– Komandanın sıfırdan formalaşdırıldığını deməzdim. Çünki biz artıq bir neçə ildir ki, müxtəlif yaş qruplarında klubla uğurlar qazanan voleybolçularla işləyirik. Hazırda yeni oyunçularla birlikdə heyətin komplektləşdirilməsi prosesi gedir. Transfer kampaniyasının ilk günündən məqsədimiz xarakterli, əzmkar, birlik nümayiş etdirən, oyundan-oyuna inkişaf edən və bunu həm rəqiblərə, həm də azarkeşlərə hiss etdirən kollektiv yaratmaq olub. Əsas diqqətimiz hər gün daha da güclənməkdir.

– Komanda yeni mövsümün hazırlığına nə vaxt başlayacaq?

– Sentyabrın əvvəlində. Yeni voleybolçuların avqustun sonlarında Naxçıvana gəlməsi gözlənilir. Məşqçilər korpusu artıq müəyyənləşdirilib, hazırlıq proqramı tərtib olunub. Hazırda yeni oyunçularla daim əlaqədəyik və istəyirik ki, onlar məşqlərin başlanğıcına maksimum yaxşı fiziki vəziyyətdə gəlsinlər. Hazırlıq prosesinin başlanmasını səbirsizliklə gözləyirik.

– Naxçıvanda ev oyunları keçiriləcəkmi?

– Bəli, komanda ev oyunlarını Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirəcək. Hazırda bununla bağlı zəruri hazırlıq işləri görülür və məşqlər başlayana qədər yekunlaşacaq. Doğma azarkeşlərimizin önündə oynamaq bizim üçün əlavə motivasiya olacaq. Əvvəlki turnirlərdən əldə etdiyimiz təcrübəyə əsasən deyə bilərəm ki, Naxçıvanda keçirilən ev oyunlarında əsl idman bayramı ab-havası yaranır. Əminəm ki, səfər oyunlarında da azarkeşlər bizi dəstəkləyəcəklər.

– Əsas komandaya Naxçıvandan olan voleybolçuların cəlb edilməsi planlaşdırılırmı?

– Geniş heyətdə Naxçıvandan olan təxminən on voleybolçu yer alacaq. Onların arasında əsas heyətdə möhkəmlənmək potensialına malik oyunçular da var. Hamısı bizim yetirmələrimizdir və onlardan böyük gözləntilərimiz var. Qeyd edim ki, əsas komanda ilə yanaşı ehtiyat heyəti də formalaşdıracaq və inkişaf etdirəcəyik. Əsas məqsədlərimizdən biri gələcəkdə komandanın böyük hissəsinin klubun öz yetirmələrindən ibarət olmasıdır. Eyni zamanda uşaqların inkişafına və onların peşəkar voleybola keçidinə də böyük önəm veririk, bu istiqamətdə sistemli və ardıcıl yanaşma tətbiq edirik.

– Azərbaycanlı voleybolçuları hansı mövqelərdə oynatmağı planlaşdırırsınız?

– Hazırda bu barədə konkret cavab vermək düzgün olmaz. Yalnız onu deyə bilərəm ki, sağlam rəqabətin inkişaf üçün ən səmərəli yol olduğuna inanıram və komandamızda da belə mühit olacaq. Baş məşqçi kimi qərarlarımı məşqlərdə göstərilən performans, intizam və oyun keyfiyyətləri əsasında verirəm.

– Yüksək Liqadakı debüt mövsümündə komandanın qarşısına hansı məqsəd və vəzifələr qoyulub?

– Bildiyiniz kimi, Azərbaycan voleybolunun tarixində Naxçıvan komandası indiyədək qadınlar arasında Yüksək Liqada çıxış etməyib. Bu, ilk təcrübədir və elə irəliləməliyik ki, debütümüz uğurlu və yaddaqalan olsun, gələcəkdə isə klub çempionatda sabit çıxış etsin. Məqsədimiz hər xal uğrunda mübarizə aparan, hər seti sonuncu kimi oynayan, xarakter və fədakarlıq nümayiş etdirən komanda formalaşdırmaqdır. Qarşıya qoyulan vəzifələr böyük ölçüdə həm komandamızın, həm də rəqiblərin gücündən asılı olacaq. Amma biz hər oyuna qələbə əzmi ilə çıxacağıq.

– Ötən mövsüm çempionatın debütantı olan “Turan” çempion oldu. “Möminə Xatun” da bu uğuru təkrarlaya bilərmi?

– Fürsətdən istifadə edərək “Turan” komandasını debüt mövsümündə qazandığı çempionluq münasibətilə təbrik edir, Avropa arenasında uğurlar arzulayıram. Hesab edirəm ki, son illərdə Azərbaycan çempionatının səviyyəsi xeyli yüksəlib və artıq zəif komanda yoxdur. Yeni mövsümdə azarkeşləri gərgin mübarizə gözləyir.

– Ümumilikdə qarşıdakı mövsümdən gözləntiləriniz nələrdir? Favorit hesab etdiyiniz komandalar varmı?

– Bu bizim debütümüzdür və buna görə də mövsüm xüsusi olacaq. İdman ictimaiyyəti Naxçıvanda peşəkar voleybolun yaranmasını böyük maraq və sevinc hissi ilə qarşılayır, ümumilikdə qadın voleybolunun inkişafını müsbət qiymətləndirir. Biz də layiqli oyunumuzla bu gözləntiləri doğrultmalıyıq.

Favoritlərə gəlincə, bu barədə indidən danışmaq çətindir. Rəqiblərin heyətləri barədə tam məlumatım yoxdur. Üstəlik, aşkar favoritlərin olması həmişə turnirin xeyrinə olmur. Mən daha çox öz oyunçularımızdan maksimum nəticə almağa və onların oyun səviyyəsini yüksəltməyə köklənmişəm. Hər halda, zaman keçdikcə hər şey aydın olacaq.

İdman.Biz