Türkiyənin kişilərdən ibarət voleybol millisi tarixində ilk dəfə Millətlər Liqasının final mərhələsinə vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, Slobodan Kovaçın rəhbərlik etdiyi komanda ilkin mərhələnin son turunda İranla qarşılaşıb.
Serbiyanın paytaxtı Belqradda keçirilən görüş Türkiyənin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İran ilk setdə 25:17 hesabı ilə üstün olsa da, Türkiyə növbəti üç hissəni 25:22, 25:16 və 25:19 hesabları ilə qazanaraq geridönüş edib.
Türkiyə yığması ilkin mərhələni səkkiz qələbə, dörd məğlubiyyət və 22 xalla tamamlayıb. İlk yeddi komanda sırasında yer alan kollektiv bununla da tarixində ilk dəfə Millətlər Liqasının final mərhələsinə yüksəlib.
Türkiyə bu mövsüm əvvəlki iki turnirdə qazandığı qələbələrin ümumi sayından iki dəfə çox nəticə göstərib. Komanda 2024 və 2025-ci illərdə ümumilikdə dörd dəfə qalib gəldiyi halda, bu dəfə səkkiz qələbə əldə edib.
Final mərhələsinin son iştirakçısı olmaq uğrunda mübarizəni Bolqarıstan və Ukrayna davam etdirir. Bu komandalar ilkin mərhələnin son oyunlarında müvafiq olaraq Fransa və Almaniya ilə qarşılaşacaqlar.
Millətlər Liqasının son qalibi Polşa millisidir. Polşalı voleybolçular 2025-ci ildə keçirilən finalda İtaliyanı 3:0 - 25:22, 25:19, 25:14 hesabı ilə məğlub ediblər.
