Fərid Qayıbov: “Bu il Azərbaycanda ilk dəfə üzgüçülük üzrə Dünya Kuboku keçiriləcək”

4 İyun 2026 11:34
144
Fərid Qayıbov: “Bu il Azərbaycanda ilk dəfə üzgüçülük üzrə Dünya Kuboku keçiriləcək”

Üzgüçülük üzrə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi başlayıb.

İdman.Biz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov layihənin artıq altıncı ildir təşkil olunduğunu bildirib.

Nazir final mərhələsində mətbuat nümayəndələrinə açıqlamasında yarışların üzgüçülüyün təbliği və kütləviləşməsi baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.

“Ölkəmizin bütün hovuzlarında yarış günü elan edirik. Təsnifat mərhələsindən finala vəsiqə qazanan idmançılar yarışırlar. Bütün bunlar üzgüçülüyün təbliğatına və kütləviləşməsinə yönəlib”, - deyə Qayıbov bildirib.

Nazir qeyd edib ki, bu il yarışlara Azərbaycan və Türkiyə idmançıları qatılıblar. Onun sözlərinə görə, “Kürü keçək” layihəsi və məktəblərdə keçirilən üzgüçülük tədbirləri də bu idman növünə marağın artmasına xidmət edir.

Fərid Qayıbov bu il Azərbaycanda ilk dəfə üzgüçülük üzrə Dünya Kubokunun keçiriləcəyini də xatırladıb. O, Azərbaycan idmançılarının da ilk dəfə bu yarışlarda iştirak edəcəyini vurğulayaraq vətəndaşları üzgüçülərə dəstək olmağa çağırıb.

İdman.Biz