Azərbaycan üzgüçüləri beynəlxalq yarışlarda uğurlu çıxış ediblər

22 İyul 2026 15:11
81
Azərbaycan üzgüçüləri beynəlxalq yarışlarda uğurlu çıxış ediblər

Azərbaycan Üzgüçülük Federasiyası iyul ayında beynəlxalq turnirlərdə çıxış edən milli komandaların nəticələrini açıqlayıb.

İdman.Biz xəbər verir ki, üzgüçülərimiz bu müddətdə onlarla medal qazanıb, bir sıra şəxsi rekordları yeniləyiblər.

Milli komanda əvvəlcə Slovakiyanın Şamorin şəhərində təlim-məşq toplanışı keçib. Ardınca Almaniyanın Münhen şəhərində keçirilən 18 yaşadək idmançılar arasında Avropa çempionatında qüvvəsini sınayan Azərbaycan təmsilçiləri 14 şəxsi rekorda imza atıblar. Anastasiya Qnusina, Fərhad Şirməmmədli, Məryəm Cavadova, Oqtay Hüseynov və Yeqor Maynitski müxtəlif kateqoriyalar üzrə şəxsi göstəricilərini yaxşılaşdırıblar. Müqayisə üçün qeyd edək ki, ötən il keçirilən analoji yarışda cəmi 5 şəxsi rekord qeydə alınmışdı.

2025-ci il MDB Oyunlarının qalibi və İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Süleyman İsmayılzadə isə sərbəst üsulla 1500 metr məsafədə Avropa çempionatının finalına yüksələrək yarışı 6-cı pillədə başa vurub. O, ötən il eyni yarışda 7-ci yeri tutmuşdu.

Daha sonra Azərbaycan millisi Gürcüstanın Kutaisi şəhərində təşkil olunan Beynəlxalq Üzgüçülük Çempionatında 55 medal qazanıb. Bunlardan 22-si qızıl, 19-u gümüş, 14-ü isə bürünc medal olub.

Fərdi yarışlarda Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Mehri Əbdürəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramal Sadıqlı, Ramil Vəlizadə, Vlastilina Xasyanova və Yeqor Maynitski fəxri kürsüyə yüksəliblər. Səid Həmidov isə estafet yarışlarında komandanın medal qazanmasına töhfə verib.

Belarusun paytaxtı Minskdə keçirilən Açıq Kubok yarışında çıxış edən Fatimə Alkərəmova 400 metr qarışıq üsulda bürünc medal qazanıb, 100 metr brass üsulunda isə şəxsi rekordunu yeniləyib.

Hazırda milli komanda növbəti beynəlxalq yarışlara hazırlığını davam etdirir. Üzgüçülərin avqustda ilk dəfə beynəlxalq status daşıyacaq "Ganja Cup" turnirində, böyüklər arasında Avropa çempionatında, oktyabrda Bakıda keçiriləcək Dünya Kubokunda və Yeniyetmələrin Olimpiya Oyunlarında iştirakı planlaşdırılır.

Federasiya suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandanın da uğurlu çıxış etdiyini bildirib. Komanda Türkiyədə təlim-məşq toplanışından sonra Bolqarıstanda keçirilən "Sofia Diving Cup" turnirində mübarizə aparıb.

Yarışda Mehri Ağayeva bir gümüş və bir bürünc, Maqsud Tahirli və Muhamməd Hüseynov isə hərəyə bir gümüş medal qazanıblar. Mehri Ağayeva, Muhamməd Hüseynov, Ayla Hüseynova, Sofiya Ağayeva və Suada Tahir ötən illə müqayisədə həm topladıqları xalları, həm də turnir cədvəlindəki mövqelərini yaxşılaşdırıblar. Ötən il D qrupunda üç qızıl medal qazanan Maqsud Tahirli isə bu dəfə daha güclü rəqabətin olduğu C qrupunda çıxış edib.

İdman.Biz