Avqustun 8-də Mingəçevirdə Kür çayının sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Son illərdə Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilən “Kürü keçək?!” sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği və inkişafı məqsədilə təşkil olunur.
Yarış Mingəçevirdə ardıcıl beşinci dəfə keçiriləcək. 2022-ci ildən start götürən layihəyə maraq ildən-ilə artıb. Bu il yarışda iştirak üçün rekord sayda – 616 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında ən gənci 12, ən yaşlısı isə 79 yaşındadır.
Bu il ilk dəfə yarış iki məsafə üzrə təşkil ediləcək. Belə ki, 111 iştirakçı 1000 metr, 505 nəfər isə 350 metr məsafədə qüvvəsini sınayacaq.
Mübarizə kişi və qadınlar arasında 12–17, 18–23, 24–35, 36–55, 56–70 və 71 yaşdan yuxarı olmaqla altı yaş kateqoriyası üzrə aparılacaq.
Yarışın yekununda hər yaş kateqoriyasında kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.
