Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) baş katibi Oqtay Atayev ABŞ-də səfərdə olub.
İdman.Biz xəbər verir ki, Kolorado-Sprinqs şəhərində səfərdə olan Oqtay Atayev ABŞ Üzgüçülük Federasiyasının (“USA Swimming”) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb.
Görüşlərdə təşkilatın kommersiya əməliyyatları üzrə direktoru Brays Elser, həmçinin milli komandanın direktoru və məşqçisi Kim Vilyams da iştirak ediblər.
Səfər Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramı çərçivəsində həyata keçirilən “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi əsasında, ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Proqram çərçivəsində Azərbaycan nümayəndələri bir sıra dövlət və idman qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən seminarlara qatılıb, Corc Meyson və Corctaun universitetlərini ziyarət ediblər.
Qeyd edək ki, proqramda Azərbaycanın su idmanı, güləş, kamandan oxatma və minifutbol federasiyalarının nümayəndələri də iştirak ediblər. Səfər zamanı Azərbaycan təmsilçiləri ABŞ-nin idman sistemi və təcrübəsi ilə tanış olub, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
