“Ötən ay beynəlxalq yarışlarda qazanılan 206 medal idmançılarımızın əzminin və sistemli işin növbəti təsdiqidir. Eyni zamanda, “Sağlam məhəllə” layihəsi çərçivəsində istifadəyə verilən idman zonalarının sayının 26-ya çatması və müxtəlif mövzularda təşkil olunan gənclər düşərgələrinin sayının 40-a yaxınlaşması gənclər və idman siyasətinin əhatə dairəsinin genişləndiyini göstərir”.
İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ənənəvi “Nazirin Nöqteyi-Nəzəri” qeydlərində vurğulayıb.
Nazir bildirib ki, müasir dövrdə tələbatlar, resurslar, bacarıqlar və dünya trendləri daim dəyişsə də, insan kapitalı və Azərbaycanın qüdrəti dəyişməz olaraq qalır.
“Yeni çağırışlar zamanımızın səciyyəsidir. Tələbatlar, resurslar, bacarıqlar, dünya trendləri – bunların hamısı sabit verilənlər deyil, dəyişən kəmiyyətlərdir. Dəyişməz olan isə insan kapitalı və Azərbaycanın qüdrətidir. Ötən ay bir daha göstərdi ki, müasir çağırışlara uyğun olaraq gənc nəslin fiziki və mənəvi sağlamlığının qorunması gündəliyimizin ən vacib məsələlərindəndir”, - Fərid Qayıbov qeyd edib.
Nazir “Sağlam məhəllə” layihəsinin idmanın kütləviləşdirilməsi və əhalinin idmana çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində istifadəyə verilən idman zonalarının sayının 26-ya çatması idmanın kütləviliyi yolunda mühüm göstəricidir. Bu infrastruktur idmanı birbaşa insanların yaşadığı məkana gətirməklə cəmiyyətdə yeni idman dəyərinin formalaşmasına xidmət edir. Ardıcıl görülən işlər əhalinin idmana marağını artırır, regionlarımızda da idmanın əlçatanlığını təmin edir, sağlam həyat vərdişlərini ənənəyə çevirir”, - deyə o bildirib.
Fərid Qayıbov qeyd edib ki, beynəlxalq arenada əldə olunan nəticələrlə yanaşı, əsas hədəf sağlam, fiziki cəhətdən güclü, bilikli, təşəbbüskar və sosial məsuliyyətli gənc nəslin formalaşdırılmasıdır.
“Bu fəaliyyətlərin məqsədi yalnız cari qələbələr deyil, daha uzun müddətdə milli dəyərlərə bağlı, bilikli və təşəbbüskar gənc nəsil formalaşdırmaqdır. Bizim əsas hədəfimiz sağlam, fiziki cəhətdən güclü, inklüziv cəmiyyətdə yaşayan sosial məsuliyyətli vətəndaş yetişdirməkdir. Bu gənclərdə idmançı nizamı, gücü və dönməzliyi var. Eyni zamanda, ictimai şüur, yaradıcılıq, innovativ düşüncə və əvəzsiz könüllülük ruhu formalaşır”, - nazir əlavə edib.
O vurğulayıb ki, il ərzində təşkil olunan gənclər düşərgələri ənənəvi istirahət formatından uzaqlaşaraq geniş mövzu dairəsini əhatə edən qeyri-formal təlim mühitinə çevrilib.
“İlboyu təşkil etdiyimiz düşərgələr ənənəvi istirahət formatından uzaqlaşaraq gənclərin geniş spektrdə maraqlarına cavab verən qeyri-formal təlim mühiti yaradır. Müasir aviasiyadan caza qədər, şəhərsalmadan diplomatiyaya, kibertəhlükəsizlikdən inklüzivliyin təmin edilməsinə, hərbi hazırlıq və sağ qalma bacarıqlarından rəqəmsal biliklərə qədər müxtəlif mövzularda təşkil edilən düşərgələrin sayı 40-a çatmaqdadır”, - Fərid Qayıbov bildirib.
Nazir milli dəyərlərin qorunması və gənclərin bu irslə əlaqəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə də toxunub.
“Göygöldə keçirilən V Milli Yaylaq Festivalı ənənələrimizi yaşadan, milli idman növlərimizi qoruyan və gəncləri bu irslə birləşdirən təşəbbüslər sırasındadır. Burada tarix, mədəniyyət, turizm və yaradıcılıq üzvi şəkildə birləşir. Belə tədbirlər xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
İyulun 26-da 32 yaşı tamam olan Gənclər və İdman Nazirliyi əlamətdar tarixi bu dəfə Füzulidə Aerokosmik Modelçilik Festivalı ilə qeyd etdi. Uğurlu ev sahibliyi ənənəsi bu dəfə də “Dünyanın İdman Paytaxtı” olan Bakıda güləş üzrə dünya çempionatının təşkili ilə davam etdirildi”, - nazir vurğulayıb.
Fərid Qayıbov beynəlxalq tərəfdaşlarla əməkdaşlığın da gənclər və idman sahəsində Azərbaycanın qlobal əlaqələrinin genişləndirilməsinə xidmət etdiyini bildirib.
Nazirin sözlərinə görə, ay ərzində BMT Baş katibinin xüsusi elçisi Jan Todt, AQEM-in Baş katibi Kayrat Sarıbay, UNESCO-nun Sosial siyasətlər və inklüzivlik üzrə direktoru Qustavo Merino, həmçinin Özbəkistan, Qazaxıstan, Rusiya və Türkiyənin aidiyyəti qurumlarının nümayəndələri ilə görüşlər keçirilib.
“Bu təmaslar bir daha göstərir ki, müasir dövrdə davamlı inkişaf yalnız daxili potensialla deyil, həm də qarşılıqlı etimada söykənən səmərəli tərəfdaşlıqlar üzərində bərqərar olur”, - Fərid Qayıbov qeyd edib.
Nazir bildirib ki, həyata keçirilən tədbirlər gənclər və idman sahəsinin inkişaf potensialını aydın şəkildə nümayiş etdirir.
“Genişlənən tərəfdaşlıqlar və tətbiq olunan yeni təşəbbüslər bu istiqamətdə qazanılan uğurların davamlılığına zəmin yaradır. İnanırıq ki, gənclərimizin təşəbbüsləri və idmançılarımızın uğurları bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcək”, - nazir yekunlaşdırıb.
