Azərbaycan ciu-citsuçuları Ceyhun Quluzadə və Emil Qurbanov Abu-Dabidə keçirilən dünya çempionatında uğurlu çıxış ediblər.
İdman.Biz xəbər verir ki, təmsilçilərimiz masterlər kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Quluzadə və Qurbanovun nəticəsi ilə Azərbaycan yarışda iki qızıl medal əldə edib.
Hər iki idmançının bundan əvvəl də beynəlxalq turnirlərdə mükafatları olub.
Emil Qurbanov 2019-cu ildə Abu-Dabidə təşkil olunan ciu-citsu üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçilərindən biri olub. Həmin yarışda Elşən İbişov birinci, Tehran Seyidov isə ikinci yeri tutub.
Qurbanov üç il sonra eyni şəhərdə keçirilən dünya çempionatını bürünc medalla başa vurub. O, 2022-ci ildəki yarışda Mərakeş, İran və Yunanıstan təmsilçilərinə qalib gəlib.
Ceyhun Quluzadə isə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilən qrapplinq üzrə dünya çempionatında fərqlənib. Azərbaycan idmançısı veteranların no-gi yarışında gümüş medala sahib olub.
Abu-Dabidə əldə olunan son nəticə Quluzadə və Qurbanovun beynəlxalq yarışlardakı növbəti uğuru olub.
