Azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlı Dubay əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumla üç azyaşlı qızı üzərində qəyyumluq mübahisəsi fonunda saxlanılıb.
İdman.Biz xəbər verir ki, BBC bu barədə Dubay Dövlət Prokurorluğuna istinadən məlumat yayıb.
Dubay Dövlət Prokurorluğunun məlumatına görə, Cavadlının saxlanılmasına onun keçmiş əri Şeyx Səidin şikayəti səbəb olub. Şeyx Səid iddia edir ki, Zeynəb Cavadlı məhkəmə tərəfindən icazə verilən görüş zamanı uşaqları aparıb, amma qaytarmayıb, bu isə qaçırılma hesab olunur.
Bundan əvvəl Cavadlının yaxınları və vəkilləri onunla əlaqənin kəsildiyini bildiriblər. Britaniyalı hüquq müdafiəçisi Devid Heyq son əlaqənin 2 iyunda olduğunu, bundan sonra keçmiş gimnastın və uşaqlarının yerinin bilinmədiyini açıqlayıb.
Prokurorluq iş üzrə istintaqın davam etdiyini və hüquqi prosedurların qüvvədə olduğunu bildirib. Qurum uşaqların rifahı və maraqlarının qorunması üçün tətbiq edilən qanunvericilik çərçivəsində addımlar atılacağını açıqlayıb.
Cavadlının hüquqlarını müdafiə edən tərəf isə Birləşmiş Ərəb Əmirliklərini onun vəkili, ailəsi və konsulluqla əlaqəsinə imkan yaratmağa çağırıb. Heyq məsələ ilə bağlı narahatlığını açıqlayıb və saxlanılma prosesinin qəyyumluq mübahisəsi ilə bağlı olduğunu bildirib.
Azərbaycanın Dubaydakı Baş Konsulluğundan isə daha əvvəl bildirilib ki, məsələ nəzarətə götürülüb. Diplomatik nümayəndəlik məlumatların dəqiqləşdirilməsi üçün Dubaydakı aidiyyəti qurumlarla, o cümlədən hüquq-mühafizə orqanları ilə iş aparıldığını açıqlayıb.
Qeyd edək ki, Zeynəb Cavadlı ilə Şeyx Səid arasında qəyyumluq mübahisəsi bir neçə ildir davam edir. Keçmiş gimnast daha əvvəl də uşaqları ilə bağlı təhlükəsizlik narahatlığını ictimailəşdirib.
