“Bişkek avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçiriləcək Altıncı Ümumdünya Köçəri Oyunlarında Azərbaycan idmançılarının iştirakına ümid edir”.
Bunu Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini, Oyunların qərargah rəisi Askaralı Madaminov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Köçəri Oyunlarının daimi iştirakçılarından biridir.
“Biz Azərbaycanın Qırğızıstanda keçiriləcək Altıncı Ümumdünya Köçəri Oyunlarında iştirakını gözləyirik. Azərbaycan Köçəri Oyunlarında həmişə iştirak edib. Onu da deyə bilərəm ki, Azərbaycanın milli “güləş” növü Oyunların məcburi əsas idman proqramına daxildir”, - deyə Madaminov report.az-a bildirib.
O, həmçinin qeyd edib ki, Kırçın dərəsində Oyunların əsas meydançasında hazırlıq işləri başa çatmaq üzrədir.
“Əsas tikinti işləri artıq yerinə yetirilib, obyektin avqustun əvvəlində tamamlanması planlaşdırılır. Biz artıq bütün ağır işləri yekunlaşdırmışıq, yalnız kosmetik və dekorasiya işləri qalıb. Ərazidə iki etnoşəhərcik yaradılır: onlardan biri milli mətbəxi olan etnik restoranlar, ikincisi isə sənətkarlar və xalq yaradıcılığı işlərinin sərgisi üçün nəzərdə tutulacaq”, - o qeyd edib.
Madaminov vurğulayıb ki, 2014-cü ildə birinci Ümumdünya Köçəri Oyunlarına ev sahibliyi etmək üçün seçilən Kırçın dərəsi o zamandan bəri tarixi məkan statusunu daşıyır.
“Ümumdünya Köçəri Oyunlarının məqsədi Olimpiya Oyunlarının proqramına daxil olmayan ənənəvi idman növlərinin dirçəldilməsi və populyarlaşdırılması, həmçinin dünya xalqlarının mədəni irsinin qorunub saxlanmasıdır”, - nazir müavini bildirib.
O əlavə edib ki, layihənin miqyası xarici ekspertləri o qədər heyran edib ki, onların bəziləri Köçəri Oyunlarını Olimpiya Oyunlarına alternativ adlandırırlar.
