Su idman növlərinin təbliğinə həsr olunan “Baku SUP Fest” Şıxov çimərliyində keçirilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası və “Windsurfing Baku”nun təşkilatçılığı ilə baş tutan festival iyulun 19-da “Ramada by Wyndham Baku” hotelinin ərazisində təşkil olunub.
Yay mövsümünün rəngarəng su idmanı tədbirlərindən biri olan festival iştirakçılar üçün idman və əyləncə proqramı ilə yadda qalıb.
Tədbir çərçivəsində SUP - ayaqüstü avarlı sörfinq yarışları, canlı DJ çıxışı, fotozonalar və müxtəlif əyləncələr təşkil edilib.
Festivalda həvəskar və peşəkar iştirakçılar SUP yarışlarında bacarıqlarını nümayiş etdiriblər. Yarışların qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.
Su idman növlərinin geniş təbliği və sağlam həyat tərzinin təşviqi məqsədilə bu cür tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
