Daha bir azərbaycanlı döyüşçü UFC ilə müqavilə bağlayıb? - İDMAN.BİZ-in İCMALI

3 İyun 2026 12:06
102
Daha bir azərbaycanlı döyüşçü UFC ilə müqavilə bağlayıb? - İDMAN.BİZ-in İCMALI

Ən nüfuzlu döyüş promouşeni olan UFC-də çıxış edən azərbaycanlı döyüşçülərin sayı yaxın vaxtlarda beşə çata bilər.

İdman.Biz xəbər verir ki, UFC ilə bağlı xəbərlər paylaşan yerli “Instagram” hesablarından biri azərbaycanlı döyüşçü Tahir Abdullayevin (21-3) UFC ilə rəsmi müqavilə imzaladığını və iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Bakı turnirində debüt edəcəyini bildirib.

Lakin ABŞ promouşeninin rəsmi resurslarında bu məlumat hələlik təsdiqini tapmayıb.

Bundan əlavə, Azərbaycanda UFC turnirlərinin təşkilatçısı olan “Baku City Circuit” (BCC) şirkətində də İdman.Biz-ə verilən açıqlamada bu məlumat təsdiqlənməyib. Bildirilib ki, Bakıdakı turnirdə iştirak edəcək döyüşçülərlə bağlı daha əvvəl yayılan məlumatlar qüvvədə qalır.

Bu arada mənbələrdən biri saytımıza bildirib ki, Tahir Abdullayev böyük ehtimalla döyüşçülərlə işləyən bir şirkətlə müqavilə imzalayıb və bəzi şəxslər bu məlumatı yanlış anlayaraq UFC ilə müqavilə kimi təqdim ediblər.

Qeyd edək ki, döyüşçünün özü də sosial şəbəkələrdə dəfələrlə UFC-yə müraciət edərək onunla müqavilə bağlanmasını istəyib. O, həmçinin növbəti dayanacağının iyunun 27-də keçiriləcək UFC Bakı turniri olacağını yazıb. Lakin Abdullayev UFC ilə müqavilə imzalaması barədə heç bir paylaşım etməyib.

Onu da qeyd edək ki, “Tank” ləqəbli Tahir Abdullayev yarımorta çəkidə “UAE Warriors” təşkilatının çempionudur. O, daha əvvəl Rusiyanın “AMC Fight Nights” promouşenində də çıxış edib.

Əlavə edək ki, ötən il o, sosial şəbəkələrdə diqqətçəkən paylaşımı ilə gündəmə gəlib. Abdullayev orijinal formada erməni döyüşçü Armen Torosyanla döyüş təşkil olunmasını xahiş edib və paylaşımına belə bir şərh əlavə edib: “Mənə Torosyanı verin, ondan dolma düzəldəcəyəm”.

Xatırladaq ki, iyunun 27-də Bakıda keçiriləcək UFC turnirində üç azərbaycanlı döyüşçünün iştirakı rəsmən təsdiqlənib. Bunlar Rafael Fiziyev, Nazim Sadıxov və Fərman Həsənovdur. Fərman Həsənov bu ilin may ayının əvvəlində nüfuzlu promouşen şirkəti ilə müqavilə imzalayıb. UFC-də çıxış edən digər azərbaycanlı döyüşçü Tofiq Musayev isə hazırda İqnasio Bahamondes üzərində qələbə qazandığı döyüşdə aldığı əl sınığını müalicə etdirir.

İdman.Biz