Paltarını özü tikən Mahaçev boksa hazırlaşır - VİDEO

5 Avqust 2026 17:05
61
Paltarını özü tikən Mahaçev boksa hazırlaşır - VİDEO

UFC-nin yarımorta çəki dərəcəsi üzrə çempionu İslam Mahaçev gələcəkdə peşəkar boksda qüvvəsini sınamaq istədiyini bildirib.

İdman.Biz xəbər verir ki, rusiyalı qarışıq döyüş növləri ustası “Zuffa Boxing”də döyüş keçirməsi ilə bağlı Turki Al əş-Şeyxlə danışıqlar apardığını təsdiqləyib.

“Turki Al əş-Şeyxlə “Zuffa Boxing”də döyüş barədə yaxşı söhbətimiz oldu. Bunun sirr olub-olmadığını bilmirəm. O dedi ki, boksa hazır olduğum zaman ona xəbər verməyim kifayətdir və biz nəsə təşkil edəcəyik. Boksla məşğul olmaq istərdim. Niyə də olmasın? Turki bunu məndən bir neçə dəfə soruşub. Sadəcə ona deyəcəyəm ki, Dana Uaytla oturub məsələni həll etsinlər. Mən istənilən vaxt hazıram”, - deyə Mahaçev söyləyib.

UFC ilə müqaviləsi qüvvədə olan döyüşçünün boks qarşılaşmasına çıxması üçün təşkilatın rəhbəri Dana Uaytın razılığı tələb olunur. “Zuffa Boxing” Dana Uayt və Turki Al əş-Şeyxin iştirakı ilə yaradılan peşəkar boks layihəsidir.

Mahaçev təkcə döyüş bacarığı ilə deyil, gündəlik həyatındakı qənaətcilliyi ilə də diqqət çəkib. Onun meneceri Əli Əbdüləziz idmançıdan paltarlarını niyə quru təmizləməyə və ya dərziyə vermədiyini soruşub.

“Gələn həftə pulum olacaq, bu həftə pul yoxdur. Həm də mən onlardan daha yaxşı tikirəm”, - deyə UFC çempionu zarafatla cavab verib.

Qeyd edək ki, Mahaçev bundan əvvəlki döyüşündə Cek Della Maddalenanı məğlub edərək UFC-nin yarımorta çəki kəmərini qazanıb. O, avqustun 15-də Filadelfiyada keçiriləcək UFC 330 turnirində titulunu İen Maçado Qarriyə qarşı qoruyacaq.

İdman.Biz