Makqreqor əməliyyatdan sonra oktaqona qayıdışa hazırlaşır - VİDEO

7 Avqust 2026 12:33
112
Makqreqor əməliyyatdan sonra oktaqona qayıdışa hazırlaşır - VİDEO

Keçmiş UFC çempionu Konor Makqreqor dizindən keçirdiyi əməliyyatın uğurla başa çatdığını açıqlayıb və oktaqona qayıdış hazırlığına başladığını bildirib.

İdman.Biz xəbər verir ki, Makqreqor bu barədə sosial şəbəkədə video paylaşıb.

“Əməliyyat başa çatdı. Dizim bərpa olundu. Şübhə edənlər danışmağa davam edə bilərlər. Mən ağrıdan qaçmadım, onun üzərinə getdim. İndi əsl iş başlayır. Qayıdış mövsümü məhz indi start götürür. Heç bir qısa yol yoxdur. Heç bir bəhanə yoxdur. Yenidən ayağa qalxmaq üçün yalnız iradə var”, - deyə Makqreqor qeyd edib.

Xatırladaq ki, irlandiyalı döyüşçü iyul ayında keçirilən “UFC 329” turnirində Maks Holloueyə qarşı döyüşdə dizindən zədə almışdı. Bu qarşılaşma onun beş illik fasilədən sonra ilk döyüşü idi.

Görüşün əvvəlində Makqreqor havada ayaq zərbəsi endirməyə çalışsa da, uğursuz eniş edib. O, daha iki dəfə yıxıldıqdan sonra dizini tutub və referi döyüşü 69-cu saniyədə dayandırıb. Qələbə texniki nokautla Maks Holloueyə verilib.

İdman.Biz