UFC döyüşçüsü Tahir Abdullayev bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Barselona”nı qəbul edəcək “Sabah”a azarkeşlik edəcəyini bildirib.
İdmançı bu gün Bakıda təşkil olunan onlayn videokonfrans zamanı İdman.Biz-in sualını cavablandırarkən fikirlərini bölüşüb.
O, “Barselona”ya simpatiyasının olduğunu, bunun əsas səbəbinin isə Lionel Messi olduğunu deyib:
“Əlbəttə, “Barselona”nın oyunlarını izləmişəm. Bu komandaya azarkeşlik etmişəm. Çünki orada Messi oynayırdı. Mən Messinin böyük azarkeşiyəm. Amma Azərbaycanda olsaydım, “Sabah”a dəstək verərdim. Həmvətənlərimin yanında olardım, istər stadionda, istərsə də evdə oyunu izləyərək komandamıza azarkeşlik edərdim. Messi və ya “Barselona”dan əvvəl öz millətimi və dövlətimi seçərdim”.
T.Abdullayev gənclərə də çağırış edib:
“Orada çoxlu gənclər var. Onlara demək istəyirəm ki, öz millətinizə dəstək olmaq “Barselona”ya azarkeşlik etməkdən daha vacibdir”.
Döyüşçü videokonfrans zamanı UFC-dəki müqaviləsinin maliyyə şərtləri ilə bağlı sualı da cavablandırıb.
O, qazancından 20 faiz tutulmasının motivasiyasına və döyüşlərə hazırlığına mənfi təsir göstərmədiyini bildirib. Abdullayevin sözlərinə görə, maliyyə məsələləri idmanda hər zaman müəyyən problemlər yarada bilər, lakin 20 faizlik azalma onun üçün ciddi narahatlıq doğurmur. O, bu məbləğin sponsorlar və ya şirkətlər tərəfindən kompensasiya edilə biləcəyini də qeyd edib.
T.Abdullayev hazırkı müqaviləsinin şərtlərinə əsasən daha iki döyüş keçirməli olduğunu bildirib. Onun sözlərinə görə, əsas məsələ 20 faizlik tutulma deyil, bu iki qarşılaşmadan sonra müqavilə şərtlərinin dəyişdirilməsidir.
Döyüşçü daha yüksək çəki limitinə keçidlə əlaqədar maliyyə şərtlərinin də yenidən nəzərdən keçirilməsini istədiyini vurğulayıb. O, UFC rəhbərliyinin növbəti döyüşündən sonra müqaviləni yeniləməyi və daha yaxşı maliyyə şərtləri təklif etməyi planlaşdırdığına ümid etdiyini söyləyib.
Xatırladaq ki, Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.
O, UFC-də debütünü cari ilin iyununda Bakıda keçirilən turnirdə gerçəkləşdirib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.
