“Ceyk Mettyus çox güclü və təcrübəli döyüşçüdür. Onun aktiv döyüşməsi mənim üçün üstünlük idi. Belə rəqiblərlə rahat döyüşə bilirəm”.
Bu sözləri azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayev deyib.
O, UFC-də keçirdiyi son döyüşü, rəqibi Ceyk Mettyusla qarşılaşmasını dəyərləndirib, gələcək hədəflərindən danışıb.
İdmançı bildirib ki, UFC-də ilk döyüşü onun üçün müəyyən çətinliklərlə yadda qalıb.
“İlk qarşılaşmada rəqibim çox qaçırdı. Lakin ikinci döyüşdə qarşımdakı idmançının aktiv döyüşməsi mənim üçün böyük üstünlük oldu. Belə rəqiblərlə daha rahat mübarizə aparıram. Döyüşün özü elə də çətin keçmədi. Əsas çətinlik çəki salmaq idi. Çəkiölçmə zamanı tələb olunan göstəriciyə çatmaq üçün 445 qram çatışmadı. Bədənim artıq buna imkan vermədi. Adətən 91 kiloqramdan 77 kiloqrama çəki salıram. Güman edirəm ki, burada dietoloqumun müəyyən səhvləri olub. Bu məsələ üzərində işləyəcəyik və növbəti dəfə daha yaxşı nəticə əldə edəcəyik. Düşünürəm ki, qidalanma planım daha düzgün qurulsaydı, daha yaxşı çıxış edə bilərdim”, - deyə o AZƏRTAC-a açıqlamasında bildirib.
Döyüşçü Ceyk Mettyusun təcrübəli və güclü rəqib olduğunu, qarşılaşmadan əvvəl bir çoxlarının ona şans vermədiyini də diqqətə çatdırıb:
“Bir çoxları məni anderdoq hesab edirdi. Karyeram boyunca dəfələrlə belə münasibətlə qarşılaşmışam. Lakin hər dəfə özümü göstərərək əzmkar döyüşçü olduğumu təsdiqləmişəm. Mənim əsas bazam sərbəst güləşdir. Daha sonra döyüş sambosu ilə məşğul olmuşam. Boks, kikboksinq və qrapplinq üzrə də təcrübəm var. Həvəskar döyüşlərim kifayət qədər çoxdur. Döyüş sambosu, universal döyüş və pankration üzrə idman ustasıyam”.
T.Abdullayev Azərbaycan bayrağını təmsil etməyin və azarkeşlərin dəstəyini hiss etməyin onun üçün böyük qürur olduğunu vurğulayıb:
“Təəssüf ki, son döyüşdə yaxınlarımdan az adam iştirak edə bildi. Buna baxmayaraq, televizor, internet saytları və sosial şəbəkələr vasitəsilə mənə göstərilən dəstəyi görür və hiss edirdim. Bu, mənim üçün böyük qürur və motivasiya idi”.
Gələcək planlarından da söz açan döyüşçü UFC-də ardıcıl qələbələr qazanaraq irəliləmək istədiyini söyləyib. Onun sözlərinə görə, hazırda müqaviləsi üzrə daha iki döyüşü qalıb və əsas məqsədi həmin qarşılaşmalarda da qalib gəlməkdir: “İlk 10-luqda yer almaq və çempionluq kəmərini qazanmaq barədə danışmaq hələ tezdir. Özümə 100 faiz güvənirəm. Bilirəm ki, xalqım, azarkeşlərim, dostlarım və yaxınlarım mənim arxamdadır. İrəli gedəcəyik, kəməri də qazanacağıq. Ancaq bunun haqqında danışmaq üçün hələ tezdir. Əvvəlcə reytinqin ilk “15-liy”inə, daha sonra ilk “10-luğ”una düşməliyəm. Düşünürəm ki, 2027-ci ilin sonunadək ilk “15-liy”ə yüksələ bilərəm”.
O, son qarşılaşmalarda potensialının tam olaraq üzə çıxmadığını bildirib: Təəssüf ki, çəkini istədiyim kimi sala bilmədim. Buna baxmayaraq, artıq müəyyən qədər bərpa olunmuşdum. Döyüş potensialımın təxminən 40-50 faizini göstərə bildim. İnşallah, qarşıdakı döyüşlərdə imkanlarımın 90-100 faizini nümayiş etdirməyə çalışacağam. İstəyirəm ki, Azərbaycan xalqı Tahir Abdullayevin necə döyüşçü olduğunu və hansı səviyyədə olduğunu görsün”.
Qeyd edək ki, noyabrın 21-də Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində idmançımız avstraliyalı Ceyk Mettyusu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.
