Azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayev bu gün Qətərin paytaxtı Dohada keçiriləcək UFC Qatar turnirində avstraliyalı Ceyk Mettyusla qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, döyüş ilkin proqramda yer alıb. Turnirin ilkin qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Abdullayevin döyüşünün dəqiq başlama vaxtı isə əvvəlki görüşlərin müddətindən asılı olacaq.
Qeyd edək ki, Mettyusun UFC-də 16 qələbəsi və səkkiz məğlubiyyəti var. Bu il təşkilatla müqavilə imzalayan Abdullayev isə iyunun 27-də Bakıda keçirilən “UFC Fight Night” turnirində braziliyalı Cefferson Nasimentonu üçüncü raundda nokautla məğlub edərək debüt qələbəsini qazanıb.
Onu da bildirək ki, rəsmi çəkiölçmə mərasimində Abdullayev 172 funt (78 kq), rəqibi isə 170 funt (77,1 kq) çəkidə olub. Azərbaycanlı döyüşçü müəyyən edilmiş limiti bir funt (təxminən 450 qram) keçib. Buna baxmayaraq, qarşılaşmanın baş tutacağı təsdiqlənib. Abdullayev qonorarının 20 faizini rəqibinə verməli olacaq.
