Tahir Abdullayev: “UFC kimlə döyüşməyi təklif etsə, hazıram” - MÜSAHİBƏ

18 Noyabr 2026 14:23
42
Tahir Abdullayev: “UFC kimlə döyüşməyi təklif etsə, hazıram” - MÜSAHİBƏ

“Rəqibim çox güclüdür, özü də Top-30-dadır. Onu məğlub etmək məni Top-20-yə kimi qaldıra bilər”.

Bu sözləri Azərbaycanı UFC-də təmsil edən Tahir Abdullayev fanat.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Ceyk Metyusla döyüş təklifi gələndə heç tərəddüd etdinizmi və bu döyüşə hazırlaşarkən planınızda nələri dəyişməli oldunuz?

- Ən başdan təklif bizə edilmişdi. Qətiyyən tərəddüd etmədik. Hazırlıq planımıza olduğu kimi davam etdik. Qələbə qazanacağımıza inanırıq.

- Metyus kimi tanınmış bir ismi məğlub etmək sizi yarımorta çəkidə (77 kq) Top-30-luğa bir addım da yaxınlaşdıracaq. Döyüşdən sonra UFC rəhbərliyinə və ya konkret bir rəqibə çağırış etməyi düşünürsünüz?

- Düzdür, rəqibim çox güclüdür, özü də Top-30-dadır. Onu məğlub etmək məni Top-20-yə kimi qaldıra bilər. Baxır necə məğlub edəcəyik — nokautla qalib gəlsək Top-20-yə, xalla qalib gəlsək Top-30-a yüksələrik. Kimisə döyüşə çağırmağı düşünmürəm. UFC bizə kimi təklif etsə, döyüşməyə hazırıq.

- UFC-də çıxış edən digər azərbaycanlı döyüşçülərlə - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevlə münasibətləriniz necədir? Bu döyüşdən əvvəl onların hər hansı biri sizinlə əlaqə saxladımı, sizə dəstək oldularmı?

- Əlbəttə, həm Rafael, həm Tofiq, həm də Nazimlə münasibətimiz çox yaxşıdır. Biz eyni bayraq altında, eyni məqsəd uğrunda mübarizə aparırıq. Çox sıx qrafikimiz olsa da, çalışırıq ki, bir-birimizlə tez-tez əlaqə saxlayaq, hal-əhval tutaq və dəstək olaq. İndi onlar da öz növbəti döyüşlərinə ciddi hazırlaşırlar. Buradan fürsətdən istifadə edib hər birinə qarşıdakı sınaqlarında uğurlar və qələbələr arzulayıram. Ümid edirəm ki, hamımız oktaqondan qalib ayrılıb xalqımızı sevindirəcəyik.

İdman.Biz