Bu gün, noyabrın 15-də Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turnirinə yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, yarışın son günündə Azərbaycanın beş təmsilçisi tatamiyə çıxacaq.
90 kq çəki dərəcəsində Vüqar Talıbov macarıstanlı Peter Safrani ilə, 100 kq-da isə Əjdər Bağırov Niderland təmsilçisi Mixael Korrel ilə qarşılaşacaq.
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov və Uşanqi Kokauri ilk mərhələdən azaddırlar. Hər iki cüdoçumuz yarışa ikinci raunddan başlayacaq.
Qadınların mübarizəsində 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Mədinə Qaysınova ilk görüşündə polşalı Kinqa Volçak ilə üz-üzə gələcək.
Xatırladaq ki, hazırda Azərbaycan millisinin aktivində bir medal var. Komandamıza yeganə bürünc medalı 52 kq çəki dərəcəsində çıxış edən Güldəstə Məmmədəliyeva qazandırıb.
