Usman Nurmaqomedovun azad edilməsi ilə bağlı ziddiyyətli məlumatlar yayıldı

16 Noyabr 2026 22:09
49
Usman Nurmaqomedovun azad edilməsi ilə bağlı ziddiyyətli məlumatlar yayıldı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılan MMA döyüşçüsü Usman Nurmaqomedovun azadlığa buraxılması ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.

İdman.Biz xəbər verir ki, “Mash na sporte” Həbib Nurmaqomedovun yerli hakimiyyət orqanları ilə danışıqlarından sonra Usmanın və digər saxlanılan şəxslərin mərhələli şəkildə azad edildiyini bildirib.

Mənbənin iddiasına görə, Həbib əvvəlcə UFC prezidenti Dana Uaytdan kömək istəyib. Lakin Uayt BƏƏ qanunvericiliyini əsas gətirərək kömək etməkdən imtina edib. Bundan sonra Həbib Əmirliklərin rəsmiləri ilə birbaşa danışıqlar aparıb.

“Mash na sporte” noyabrın 16-da Usman Nurmaqomedovun azadlığa buraxıldığını yazıb. Bildirilib ki, danışıqlar nəticəsində hadisə iştirakçılarının ictimaiyyətə açıqlama verməməsi barədə də razılıq əldə olunub.

Bununla belə, MMA.Metaratings.ru öz mənbələrinə istinadən bu məlumatı təkzib edib. Nəşr Usman Nurmaqomedovun və digər şəxslərin azadlığa buraxılması barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Hazırda Usman Nurmaqomedovun azad edilməsi barədə rəsmi təsdiq yoxdur.

Xatırladaq ki, noyabrın 11-də Əbu-Dabidə Usman Nurmaqomedovun komandası ilə Merab Dvalişvili arasında kütləvi dava baş verib. Hadisədən sonra iştirakçılar saxlanılıblar.

Noyabrın 13-də Usman Nurmaqomedovun altı ay müddətinə azadlıqdan məhrum edildiyi barədə məlumat yayılsa da, bu qərar da rəsmi şəkildə təsdiqlənməyib.

İdman.Biz