Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədovun Əbu-Dabidə UFC-nin sabiq çempionu Merab Dvalişvili ilə baş verən kütləvi davaya görə altı ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.
İdman.Biz Gürcüstanın Birinci Kanalına və “Interpressnews” nəşrinə istinadən xəbər verir ki, Nurməhəmmədovu müşayiət edən şəxslərdən ən azı biri də eyni cəzaya məhkum edilib. Bundan başqa, 300 min dirhəm (təxminən 138 890 AZN) məbləğində cərimə tətbiq olunduğu barədə məlumat yayılıb.
Gürcüstan KİV-in məlumatına görə, Merab Dvalişvili və onun həmyerlisi, güləşçi Saba Lazışvili də hadisənin videogörüntülərini yaydıqlarına görə hər biri 50 min dirhəm (təxminən 23,1 min manat) cərimələnib. Bildirilir ki, bu cərimələri “Real American Freestyle” (RAF) təşkilatı ödəyəcək.
Hadisə noyabrın 11-də Əbu-Dabidəki otellərdən birinin dəhlizində baş verib. Dvalişvili RAF turniri öncəsi müsahibə verərkən Nurməhəmmədov ona yaxınlaşıb. Bundan sonra idmançılar və onları müşayiət edən şəxslər arasında kütləvi dava düşüb.
Əbu-Dabi polisi daha əvvəl hadisə ilə əlaqədar 10 nəfərin saxlanıldığını rəsmən təsdiqləyib. Onlardan səkkizi davada iştirak etməkdə, digər ikisi isə hadisəni videoya çəkməkdə şübhəli bilinir.
Qeyd edək ki, altı aylıq həbs cəzası ilə bağlı məhkəmə qərarının rəsmi mətni hələlik açıq mənbələrdə yayımlanmayıb.
Sabah, noyabrın 14-də Əbu-Dabidəki “Etihad Arena”da RAF turnirinin keçirilməsi planlaşdırılır. Yarış çərçivəsində Dvalişvili UFC-də titul uğrunda mübarizə aparmış Marlon Moraeslə güləş görüşünə çıxmalıdır.
Təşkilatçılar gürcüstanlı idmançının turnirdə iştirak edəcəyinə ümid etdiklərini bildiriblər. Bununla yanaşı, Usman Nurməhəmmədovun yarışa buraxılmayacağı təsdiqlənib.
Hadisədən sonra Dvalişvili ilə Moraes arasında keçirilməsi nəzərdə tutulan görüşün baş tutub-tutmayacağı isə hələlik məlum deyil.
