UFC döyüşçüsü Tofiq Musayev Zəfər Gününü qalib ordunun zabiti və döyüşçüsü kimi qürurla qeyd etdiyini söyləyib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, idmançı bu barədə Xankəndidə keçirilən “Zəfər nəsli” gənclər düşərgəsi çərçivəsində jurnalistlərə açıqlamasında danışıb:
“Qalib ordunun qalib zabiti, qalib əsgəri və qalib döyüşçüsü kimi Zəfər Gününü qürurla qeyd edirik. Prezident İlham Əliyev “Dəmir Yumruq”la bir daha bütün dünyaya sübut elədi ki, biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq”.
Musayevin sözlərinə görə, hər bir azərbaycanlı Vətənə xidməti, dövlətə və bayrağa bağlılığı özünün borcu hesab etməlidir.
İdmançı rinqdə qarşılaşdığı çətinliklərlə müharibədə yaşananlar arasında böyük fərq olduğunu da söyləyib. O, idmanda qələbə və məğlubiyyətin, müharibədə isə həyat və ölüm məsələsinin ön planda olduğunu qeyd edib.
Musayev belə düşərgələrin gənclərin maariflənməsi və vətənpərvərlik ruhunda yetişməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Döyüş yolu keçmiş idmançı və zabit kimi bu təşəbbüsləri alqışladığını söyləyən Musayev Zəfər Gününə həsr olunan tədbirlərdə qazilərin və şəhid ailələrinin iştirakının, onların daim yad edilməsinin vacibliyini qeyd edib.
Oktaqonda rəqib seçimi ilə bağlı suala cavabında isə UFC döyüşçüsü insanın ilk növbədə özü ilə rəqabət aparmalı olduğunu söyləyib. O, məqsədlərə çatmaq üçün əzmkarlıqla çalışmağın vacibliyini diqqətə çatdırıb.
