Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə Azərbaycan təmsilçiləri uğurlu çıxışlarını davam etdirirlər.
İdman.Biz xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Nihad Süleymanlı C qrupunda ilk görüşündə əlcəzairli Kraled Kebiri 4:0 hesabı ilə məğlub edib. O, ikinci qarşılaşmasında isə hindistanlı Xoxar Dipanşuya 3:0 hesabı ilə qalib gəlib.
55 kq çəki dərəcəsində çıxış edən Günel Kərimli A qrupunda ilk görüşündə latviyalı Anastasiya Jakovlevanı 3:2 hesabı ilə üstələyib. İkinci görüşdə isə rəqibi – qvineyalı Mariama Fula Kaba yarışda iştirak etmədiyi üçün təmsilçimiz texniki qələbə qazanıb.
Azərbaycan çimərlik güləşində ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki güləşçimiz noyabrın 8-də yarışlara qoşulacaq.
Azərbaycan millisinin hesabında hələlik bir qızıl medal var. Komandamızın yeganə mükafatını cüdo yarışlarında 55 kq çəki dərəcəsində çempion olan İbrahim Talıbov qazanıb.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Olimpiya Oyunlarında 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın idmançı yarışır. Azərbaycan səkkiz idman növündə 13 idmançı ilə təmsil olunur.
