UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turuna yekun vurulub. Gecənin ən diqqətçəkən nəticəsi Fransada qeydə alınıb. Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo” səfərdə “Lans”ı 9:1 hesabı ilə darmadağın edib. “Mançester Siti” Almaniyada “RB Leypsiq”ə qalib gəlib, “Arsenal” Praqadan üç xalla qayıdıb, “Portu” isə “Napoli” üzərində böyükhesablı qələbə qazanıb.
İdman.Biz istinadən xəbər verir ki, “Lans” və “Komo” arasında “Bollar-Delelis” stadionunda keçirilən görüş məhsuldarlığı ilə seçilib.
İtaliya təmsilçisi qarşılaşmanın taleyini hələ ilk hissədə həll edib. Yeddinci dəqiqədə Anastasios Duvikas Maksimo Perronenin ötürməsindən sonra hesabı açıb. 32-ci dəqiqədə yunanıstanlı hücumçu Aleks Valyenin ötürməsini qola çevirərək dublunu rəsmiləşdirib. 40-cı dəqiqədə isə Niko Pas Duvikasın məhsuldar ötürməsindən sonra fərqi üç topa çatdırıb.
İkinci hissədə də “Komo”nun hücumları davam edib. 47-ci dəqiqədə Lukaş Da Kunyanın qolu ilə hesab 4:0 olub. Bu epizodda məhsuldar ötürməni Niko Pas verib.
54-cü dəqiqədə Mark-Oliver Kempf Luis Milyanın ötürməsindən sonra beşinci qolu vurub. Cəmi üç dəqiqə sonra Duvikas Niko Pasın daha bir məhsuldar ötürməsini qola çevirərək het-trik edib.
62-ci dəqiqədə Mattia Liberali Xakobo Ramonun ötürməsindən sonra hesabı 7:0-a çatdırıb. “Lans” 65-ci dəqiqədə Ruben Aqiların qolu ilə toplardan birinin əvəzini çıxıb.
Lakin Fransa klubunun qolu oyunun gedişinə təsir göstərməyib. 69-cu dəqiqədə Martin Baturina “Komo”nun səkkizinci qolunu vurub. Qarşılaşmanın 90+2-ci dəqiqəsində isə Matteo Pappaçolli yekun hesabı müəyyənləşdirib - 9:1.
Almaniyada keçirilən “RB Leypsiq” - “Mançester Siti” qarşılaşması da gərgin mübarizə ilə yadda qalıb. İtaliyalı hakim Marko Quidanın idarə etdiyi görüşdə İngiltərə klubu 3:2 hesabı ilə qalib gəlib.
37-ci dəqiqədə “RB Leypsiq”in müdafiəçisi Kastello Lukeba topu öz qapısına göndərərək qonaqları hesabda önə çıxarıb.
İkinci hissənin əvvəlində meydan sahibləri tarazlığı bərpa ediblər. 49-cu dəqiqədə Ridle Baku fərqlənib. Lakin 58-ci dəqiqədə Enzo Fernandes “Mançester Siti”ni yenidən hesabda irəli çıxarıb.
Almaniya təmsilçisi bu dəfə də cavab verməyi bacarıb. 61-ci dəqiqədə Antonio Nusa hesabı 2:2-yə çatdırıb.
Qarşılaşmanın həlledici epizodu 78-ci dəqiqədə yaşanıb. Erlinq Holand fərqlənərək “Mançester Siti”yə 3:2 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra İngiltərə təmsilçisi doqquz xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. “RB Leypsiq” isə üç xalla 29-cu yerdədir.
Növbəti turda, noyabrın 24-də “Mançester Siti” “Napoli” ilə, “RB Leypsiq” isə “Lans”la qarşılaşacaq.
Dortmundda keçirilən digər görüşdə yerli “Borussiya” İspaniyanın “Betis” klubunu 2:1 hesabı ilə məğlub edib.
İlk hissədə komandalar hesabı aça bilməyiblər. 49-cu dəqiqədə Fabio Silva fərqlənərək “Borussiya”nı önə keçirib.
67-ci dəqiqədə Aytor Ruibal “Betis”in cavab qolunu vuraraq tarazlığı bərpa edib. Lakin İspaniya təmsilçisinin sevinci uzun sürməyib. 72-ci dəqiqədə Konstantinos Karetsas fərqlənərək Dortmund klubuna qələbə qazandırıb.
Bu nəticədən sonra hər iki komandanın aktivində doqquz xal var. “Betis” turnir cədvəlində 11-ci, “Borussiya” isə 12-ci pillədə qərarlaşıb.
Praqada keçirilən “Slaviya” - “Arsenal” qarşılaşması London klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Arsenal” görüşə fəal başlayıb və doqquzuncu dəqiqədə hesabı açıb. Noni Madueke fərqlənərək qonaqları önə keçirib.
38-ci dəqiqədə Viktor Gyokereş ikinci qolu vuraraq London təmsilçisinin üstünlüyünü artırıb. İlk hissə “Arsenal”ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Meydan sahibləri yalnız qarşılaşmanın sonlarında fərqi azalda biliblər. 90-cı dəqiqədə Viktor Novak “Slaviya”nın yeganə qolunu vurub.
London klubu dörd turdan sonra 10 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Slaviya” isə bir xalla 34-cü yerdədir.
Niderlandda keçirilən PSV - “Brügge” qarşılaşmasında da qonaqlar qələbə qazanıblar. Eyndhovendəki “Filips” stadionunda baş tutan görüş Belçika təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
25-ci dəqiqədə Nikolo Trezoldi hesabı açaraq “Brügge”ni önə keçirib. PSV ikinci hissədə cavab qolunu vurub. 54-cü dəqiqədə Kodai Sano fərqlənərək hesabı bərabərləşdirib.
Lakin 66-cı dəqiqədə Karluş Forbş Belçika klubunun ikinci qolunu vurub və yekun nəticəni müəyyənləşdirib - 2:1.
Bu qələbə “Brügge” üçün Liqa mərhələsində ardıcıl üçüncü uğur olub. Belçika təmsilçisi doqquz xalla turnir cədvəlinin doqquzuncu pilləsinə yüksəlib. PSV isə dörd xalla 24-cü yerdə qərarlaşıb.
Növbəti turda PSV noyabrın 24-də “Real Madrid”lə, “Brügge” isə noyabrın 25-də “Liverpul”la qarşılaşacaq.
Portuqaliyada keçirilən “Portu” - “Napoli” matçında meydan sahibləri 4:1 hesablı qələbə qazanıblar.
11-ci dəqiqədə Yan Bednarek hesabı açaraq “Portu”nu önə keçirib. “Napoli” 43-cü dəqiqədə Skott Maktomineyin qolu ilə tarazlığı bərpa edib və ilk hissə 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissədə meydan sahibləri təşəbbüsü ələ alıblar. 71-ci dəqiqədə Qabriel Veyqa “Portu”nu yenidən hesabda önə çıxarıb.
80-ci dəqiqədə Yakub Kivyor üçüncü qolu vuraraq fərqi artırıb. “Napoli”nin vəziyyəti 89-cu dəqiqədə daha da ağırlaşıb. Müdafiəçi Rafa Marin qırmızı vərəqə alaraq meydandan qovulub.
90-cı dəqiqədə isə Samuel Aqehova penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib - 4:1.
Bu qələbə “Portu”nun cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində qazandığı ilk üç xal olub. Portuqaliya təmsilçisi dörd oyundan sonra üç xalla 26-cı pillədə qərarlaşıb. Eyni xala malik “Napoli” isə 27-ci yerdədir.
Növbəti turda, noyabrın 24-də “Portu” “Feyenoord”la, “Napoli” isə “Mançester Siti” ilə qarşılaşacaq.
23:44
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda iki qarşılaşma başa çatıb. Madrid “Real”ı Yunanıstanda AEK-i 3:2 hesabı ilə məğlub edib, Türkiyənin “Fənərbağça” klubu isə doğma meydanda İngiltərə təmsilçisi “Liverpul” üzərində eyni hesabla qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, hər iki görüş gərgin mübarizə və hesabın bir neçə dəfə dəyişməsi ilə yadda qalıb.
Afinadakı “OPAP Arena” stadionunda keçirilən AEK - “Real Madrid” qarşılaşmasında hesabı meydan sahibləri açıblar. 12-ci dəqiqədə Abubakari Koyta fərqlənərək Yunanıstan təmsilçisini önə keçirib.
Madridlilər 32-ci dəqiqədə tarazlığı bərpa ediblər. Cud Bellinqem rəqib qapısına yol taparaq ilk hissənin 1:1 hesabı ilə yekunlaşmasını təmin edib.
İkinci hissədə də mübarizə gərgin keçib. 75-ci dəqiqədə Stavros Pilios AEK-i yenidən hesabda irəli çıxarıb. Lakin meydan sahiblərinin üstünlüyü cəmi üç dəqiqə davam edib. 78-ci dəqiqədə Kilian Mbappe fərqlənərək hesabı 2:2-yə çatdırıb.
Qarşılaşmanın taleyi əlavə olunmuş dəqiqələrdə həll edilib. 90+2-ci dəqiqədə Federiko Valverde qələbə qolunu vuraraq “Real Madrid”ə üç xal qazandırıb.
AEK matçı azlıqda başa vurub. İlk qolun müəllifi Abubakari Koyta 90+6-cı dəqiqədə qırmızı vərəqə alıb.
İtaliyalı baş hakim Mauritsio Marianinin idarə etdiyi görüşdən sonra “Real Madrid” dörd oyunda topladığı 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. AEK isə 3 xalla 30-cu yerdədir.
İstanbulda keçirilən “Fənərbağça” - “Liverpul” matçında da beş qol vurulub. “Ülkər Fənərbağça Şükrü Saracoğlu” stadionundakı qarşılaşmanı fransalı hakim Kleman Türpen idarə edib.
Görüşdə hesabı qonaqlar açıblar. 25-ci dəqiqədə “Liverpul”un gənc yarımmüdafiəçisi Treymoris Nyoni fərqlənib. Lakin cəmi dörd dəqiqə sonra Meyson Qrinvud cavab qolunu vuraraq tarazlığı bərpa edib.
İkinci hissədə İngiltərə klubu yenidən üstünlük qazanıb. 69-cu dəqiqədə Aleksander İsak Kodi Qakponun ötürməsindən sonra topu qapıya göndərib və hesabı 2:1 edib.
Bununla belə, “Fənərbağça” məğlubiyyətlə barışmayıb. Meydan sahiblərinin müdafiəçisi Arçi Braun 73-cü dəqiqədə hesabı bərabərləşdirib.
79-cu dəqiqədə isə Braun bu dəfə məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsindən sonra Vedat Muriki fərqlənərək İstanbul təmsilçisini ilk dəfə hesabda önə keçirib - 3:2.
Qalan dəqiqələrdə hesab dəyişməyib və “Fənərbağça” iki dəfə geridə olduğu qarşılaşmada əzmkar qələbəyə sevinib.
Bu nəticədən sonra 9 xalla "Liverpul" turnir cədvəlində beşinci pillədədir, "Fənərbağça" isə beş xalla 19-cu yerə yüksəlib.
09:43
Futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində dördüncü turun növbəti oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu gün daha doqquz qarşılaşma baş tutacaq.
“Sabah” səfərdə “Vikinq”in qonağı olacaq. Türkiyənin “Fənərbağça” komandası evdə “Liverpul”la üz-üzə gələcək.
“Borussiya” klubu Almaniyada “Betis”lə, “Arsenal” isə Çexiyada “Slaviya” ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Əsas mərhələsi
Dördüncü tur
4 noyabr
21:45. “Fənərbağça” (Türkiyə) - “Liverpul” (İngiltərə)
21:45. AEK (Yunanıstan) - “Real” (İspaniya)
23:59. “Vikinq” (Norveç) - “Sabah” (Azərbaycan)
23:59. “Borussiya” (Dortmund, Almaniya) - “Betis” (İspaniya)
23:59. “Portu” (Portuqaliya) - “Napoli” (İtaliya)
23:59. PSV (Niderland) - “Brügge” (Belçika)
23:59. “Leyptsiq” (Almaniya) - “Mançester Siti” (İngiltərə)
23:59. “Slaviya” (Çexiya) - “Arsenal” (İngiltərə)
23:59. “Lans” (Fransa) - “Komo” (İtaliya)
